Salyan rayonunun bir qrup sakini ölkə prezidentinə müraciət edib
16 oktyabr 2007 12:31 (UTC +04:00)
Salyan rayonunun Aydınül, Yolüstü, I Varlı, II Varlı, Kürsəngi və Peyk kəndlərinin bir qrup sakini ölkə prezidentinə müraciət edib. “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədovun APA-ya verdiyi məlumata görə, müraciəti 682 nəfər imzalayıb. Adıçəkilən kəndlərin sakinləri öz müraciətlərində 15 min nəfərin yaşadığı bu kəndlərin ərazisindən keçən yolun “Salyan Oil” əməliyyat şirkətinin ağır tonnajlı maşınları tərəfindən yararsız hala salındığını, şirkətin yolu təmir etməkdən boyun qaçırdığını vurğulayıblar. Onlar qarşıdan qış aylarının gəldiyini və bu kəndlərə gediş-gəlişin mümkün olmayacağını bildiriblər. Sakinlər ölkə prezidentindən problemin həllinə yardımçı olmağı xahiş ediblər. /APA/