Bu gün Medianın İnkişafı Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa təşkil edilib.
APA xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, həmçinin media subyektlərini təmsil edən rəhbər şəxslər, eləcə də korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyət göstərən QHT nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" nın icrası ilə əlaqədar əsas icraedici qurumdur. Digər icraçı qurum isə Medianın İnkişafı Agentliyidir.
Həmçinin tədbirdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər, korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin həyata keçirilməsində media subyektlərinin və qeyri-hökumət təşkilatlarının imkanlarından bəhs edilib, bu sahədə dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirilən tədbirlərin vacibliyi vurğulanıb.