Azərbaycanda fiziki və hüquqi şəxslər minatəmizləmə fəaliyyəti həyata keçirəcək.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçiriləcək və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat veriləcək.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə haqq ödəniləcək.