Paşha Bank
Bank Of Baku

AzTV-nin 100 illik yubileyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirilib - FOTO

AzTV-nin 100 illik yubileyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirilib - FOTO
# 06 noyabr 2026 20:27 (UTC +04:00)

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 100 illik yubileyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, yüz il böyük tarix, yüzillik salnamədir. Onun sözlərinə görə, bu gün yalnız radionun 100 illiyi münasibətilə deyil, həm də Azərbaycan radiosunun yaranma tarixinin – 1926-cı il noyabrın 6-sının ölkədə bütün medianın, televiziya və radionun bayramı kimi qeyd olunması ilə bağlı qürur hissi keçirilir.

"Biz ona görə qürur duyuruq ki, bir insan dil açanda «ana» deyir. Bir xalq və dövlət dil açanda isə «ana Vətən» deyir. Mənə görə, 1926-cı il noyabrın 6-da diqqətə çatdırılan «Danışır Bakı» ifadəsi bir xalqın «ana Vətən» kəlməsi qədər əzizdir. Həmin kəlmə bir əsrə yaxın dövr ərzində bir xalqın sözünə, bir dövlətin səsinə çevrilib. Bir xalqın milli məfkurəsinə, milli yaddaşına, milli qüruruna çevrilib. Milli qənimətinə çevrilib. Millətçiliyə çevrilib. Bu gün Azərbaycan Televiziyası və Radiosu sözün tam mənasında millətçiliyin, milliliyin, azərbaycançılığın, Azərbaycan kəlməsinin, ulu öndər Heydər Əliyevin «Mən fəxr edirəm ki, azərbaycanlıyam!» ideologiyasının beşiyidir", – deyə R. Məmmədov qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Məmmədov bildirib ki, bütün insanlar bir ömür yaşayır, sahələr, peşələr və sənətlər isə müxtəlifdir. O qeyd edib ki, insanlar bir-birindən asılıdır və sözün müstəqim mənasında bir-birinə möhtacdırlar.

"Radio-televiziya işi isə özünəməxsus cəhətləri ilə fərqlidir. Bu da təbiidir. Çünki biz istiqamətlə deyil, çeşidli cəhətlərlə məşğul oluruq. Digər bütün peşə adamlarının fərdi və ictimai obrazları televiziya vasitəsilə hər birimizə göstərilir. Necə deyərlər, bir-birimizə baxırıq. Vəzifəni qəsd edərək tez bir zamanda əlinə alan və özü də bilmədən ardıcıl gələnlərə, istəsə də, istəməsə də, ötürən televiziya dəhlizlərinin sakinləri bir də baxırlar ki, artıq yüzillik yol gediblər. Məşhur «geriyə baxma» ifadəsi yada düşür. Amma baxmaq, görmək, dinləmək, nəticə çıxarmaq, düşünürəm ki, vacibdir. Bəzən gələcəyi düzgün görmək üçün keçmişə baxmalı olursan. Və yenə də yola davam edirsən, yorulmaq bilmədən.

Sanki qulaqlarına televiziya-radio dəhlizlərindən bir səs gəlir: «Gənc olanda bir qoca axtarırdım ki, ona öyrədim. İndi yaşlanmışam, bir cavan axtarıram ki, ondan öyrənim».

Budur, hər səhər rastlaşdığımız əsas məsələ. Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı onilliklərin quruculuq təcrübəsindən doğan inamlı, qətiyyətli çağırış tribunası budur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbə müjdələri verdiyi müqəddəs mehrab budur. Xudayarların səmadan gələn Vətən simfoniyası budur", – deyə R. Məmmədov bildirib.

Daha sonra çıxış edənlər Azərbaycan televiziya və radio yayımının bir əsrlik inkişaf yolundan, milli media tarixində AzTV-nin xüsusi rolundan və bu sahədə xidmətləri olan görkəmli şəxsiyyətlərin fəaliyyətindən bəhs ediblər.

Qeyd olunub ki, yubiley münasibətilə nəşr edilən ensiklopediya Azərbaycan televiziya və radio tarixinin sistemli şəkildə araşdırılması, zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nəşrdə televiziya və radio sahəsinin inkişaf mərhələləri, bu sahədə çalışan tanınmış simalar və milli teleradio məkanının formalaşmasına töhfə vermiş şəxsiyyətlər haqqında məlumatların yer alması onun tarixi və mədəni dəyərini daha da artırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR