Şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılması Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əsas hədəflərindəndir.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı deyib.
O bildirib ki, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir:
"Bu məqsədllə 2024-cü il 18-19 may tarixlərində ölkə üzrə IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunub. Monitorinqlərdə ümumilikdə 300.000-dən çox şagird iştirak edib. Bu monitorinq nəticələrinə görə biz də Agentlik olaraq həm İdarələrin, həm məktəblərin fəaliyyətini qiymətləndiririk. Bu nəticələr məktəblər və müəllimlərin fəaliyyətinin obyektiv güzgüsüdür. Məktəblərimizdə çalışan direktor və müəllimlərimizin qiymətləndirilməsində yalnız onların öz göstəriciləri deyil, eyni zamanda yetişdirdikləri uşaqların nəticələri də göstəricidir".
O qeyd edib ki, ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq tədris dili və riyaziyyat, VI siniflərində isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunub. Nəticələr avqust ayından etibarən MÜTDA-nın regional bölmələrinə təqdim edilib.