İcbari tibbi sığorta ilə bağlı regionlarda bir sıra problemlərlə qarşılaşırıq.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Gəncə şəhərində bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında həyata keçirilməsi mümkün deyil: “Bəzi əməliyyat növləri Gəncə şəhərində dövlət xəstəxanalarında icra olunmadıqda, vətəndaş icbari tibbi sığorta dəstəyindən yararlanmaq üçün Bakıya və ya digər şəhərlərə getməyə məcbur qalır. Təsəvvür edin, Gəncədə yaşayan orta təbəqənin nümayəndəsi 7-8 xəstəxanadan imtina cavabı alır. Sonra Bakıya gəlməli, burada müayinə və əməliyyat üçün növbə gözləməlidir. Bu növbə bəzən iki-üç ay çəkə bilər. Halbuki eyni əməliyyat Gəncədəki özəl xəstəxanalarda mövcuddur, lakin bu müəssisələr icbari tibbi sığorta əhatəsində olmadığı üçün vətəndaş dəstək ala bilmir. Nəticədə Bakı xəstəxanalarında əlavə növbə yaranır, regionda yaşayan vətəndaş isə çətin vəziyyətdə qalır. Yaxşı olar ki, dövlət xəstəxanası müəyyən əməliyyatı öz regionunda təmin edə bilmədiyi halda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşı əlavə olaraq Bakıya getməyə məcbur etmədən həmin xidməti avtomatik olaraq eyni regiondakı akkreditasiya olunmuş özəl müəssisəyə yönləndirsin. Paytaxtdan kənarda yaşayan vətəndaşların da icbari tibbi sığortadan istifadə etməklə özəl xəstəxanalarda ağır əməliyyatlar keçirməsinə şərait yaradılmalıdır. Gəncə və digər böyük regional mərkəzlərdəki ixtisaslaşmış özəl xəstəxanaların icbari tibbi sığorta Xidmətləri Zərfinə daxil edilməsi üçün akkreditasiya prosedurları prioritetləşdirilsin və sürətləndirilsin. Bakıdakı ixtisaslaşmış tibbi bölmələrin bir hissəsinin region mərkəzlərinə (Gəncə, Sumqayıt, Şəki və s.) köçürülməsi və ya filiallaşdırılması, yaxud regional dövlət xəstəxanalarının müvafiq profillər üzrə gücləndirilməsi də nəzərdən keçirilməlidir. Eyni zaçanda hansı əməliyyatların hansı regionda, hansı müəssisələr (dövlət/özəl) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərildiyi barədə açıq və asan əlçatan məlumat bazası (məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında) yaradılsın ki, vətəndaş əvvəlcədən məlumatlandırılsın. Regional özəl xəstəxanalara icbari tibbi sığorta vasitəsilə sabit iş həcmi və maliyyələşmə təmin olunmaqla, ixtisaslı həkimlərin regionlardan Bakıya axınının qarşısı alınmalıdır. Gəncə, Şəki, Lənkəran və digər regionlarda ixtisaslaşmış özəl xəstəxanalar fəaliyyət göstərir, burada savadlı, təcrübəli həkimlər çalışır. Yeni nəsil, gənc, savadlı və bilikli həkimlər Azərbaycana qayıdır, regionlarda işləməyə başlayırlar. Buna çox sevinirdik, amma onlar ya 1-2 ay işlədikdən sonra Bakıya gəlir, ya da xaricə geri qayıdır. Düşünürəm ki, düzgün mövqe ortaya qoyaraq bu problemləri həll etməliyik”.