2022-ci ildə qəbul imtahanlarının nəticələri əsasında Azərbaycan və rus bölmələri üzrə ayrılıqda abituriyentlərin topladıqları balların I–IV və V ixtisas qrupları üzrə paylanması müəyyənləşdirilib.
APA xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.
Təhlil göstərir ki, I–IV ixtisas qruplarında hər iki bölmə üzrə abituriyentlərin ballarının paylanma histoqramları sağtərəfli assimmetriyaya malikdir. Bu o deməkdir ki, abituriyentlərin tam seçimində orta nəticə göstərən (Azərbaycan bölməsində 257.93, rus bölməsində 274.55 bal) abituriyentlərə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir. Bununla belə, Azərbaycan və rus bölmələri abituriyentlərinin histoqramlarında fərqli cəhətlər mövcuddur.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsində abituriyentlərin ballarının paylanma histoqramlarında assimmetriya nisbətən zəifdir. Azərbaycan və rus bölmələri abituriyentlərinin orta bal göstəriciləri arasındakı fərq ötən ilə nəzərən 14.77-dən 16.62-yə qədər artıb. Azərbaycan bölməsində abituriyentlərin 56.44, rus bölməsində isə 64.65%-i 200-dən çox bal toplayıb. Digər tərəfdən, imtahanda iştirak edənlərin yarısının Azərbaycan bölməsində 227.10, rus bölməsində isə 254.37 baldan zəif nəticə göstərməsi, hər iki bölmədə abituriyentlərin hazırlığının günün tələbləri (dövlət tədris proqramları və təhsil standartları) səviyyəsində olmadığını təsdiqləyir.
2. Abituriyentlərin topladıqları balların ortastatistik abituriyentin topladığı bala (seçmənin riyazi gözləmə qiymətinə) nəzərən səpələnməsi (paylanmanın dəyişkənliyi) ortakvadratik meyillə xarakterizə edilir.
Ortakvadratik meyilin qiymətləri bölmələr üzrə test imtahanlarında toplanılan balların paylanmasının ədədi xarakteristikaları cədvəllərində göstərilib. Azərbaycan bölməsi üzrə bu göstərici 156.63, rus bölməsi üzrə 144.48 bala bərabərdir. Əslində, Azərbaycan və rus bölmələri üzrə toplanılan balların riyazi gözləmə (orta) qiymətləri bir-birindən fərqli olduğundan onların ortakvadratik meyillərini bilavasitə müqayisə etmək düzgün deyil. Müqayisə ortakvadratik meyillərin riyazi gözləmə (orta) qiymətlərinə nəzərən faizləri (variasiya əmsalı) əsasında aparılmalıdır. Belə müqayisə isə göstərir ki, Azərbaycan bölməsində abituriyentlərin topladıqları balların səpələnmə göstəricisi riyazi ortanın 60.73%-ni təşkil etdiyi halda, rus bölməsində 52.62%-ni təşkil edir. Azərbaycan bölməsində ortastatistik abituriyentin topladığı bala (riyazi ortaya) nəzərən səpələnmənin yüksək olması bu bölmənin qəbul imtahanlarında iştirak edən abituriyentlərinin bilikləri arasında daha ciddi qütbləşmənin mövcud olduğunu göstərir.
V ixtisas qrupu üzrə abituriyentlərin tam seçməsində orta bal ətrafında nəticə göstərən (Azərbaycan bölməsində 110.95, rus bölməsində 125.32 bal) abituriyentlərə nəzərən zəif nəticə göstərən abituriyentlər sayca üstünlük təşkil edirlər. Azərbaycan və rus bölmələri abituriyentlərinin histoqramlarında bəzi fərqli cəhətlər mövcuddur. Belə ki, Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsi abituriyentlərinin ballarının paylanma histoqramlarında orta nəticə göstərən abituriyentlər daha çox üstünlük təşkil edir. İmtahanda iştirak edənlərin yarısı Azərbaycan bölməsində 101.50, rus bölməsində isə 121.30 baldan aşağı nəticə göstərib. Azərbaycan bölməsi üzrə ortakvadratik meyil 60.03, rus bölməsi üzrə 57.87 bala bərabərdir.
Ortakvadratik meyillərin riyazi gözləmə (orta) qiymətlərinə nəzərən faizləri (variasiya əmsalı) əsasında müqayisə göstərir ki, Azərbaycan bölməsində abituriyentlərin topladıqları balların səpələnmə göstəricisi
riyazi ortanın 54.11%-ni təşkil etdiyi halda, rus bölməsində yalnız 46.18%-ni təşkil edir. Göründüyü kimi, rtastatistik abituriyentin topladığı bala (riyazi ortaya) nəzərən səpələnmə hər iki bölmə üzrə yüksəkdir. Bu da o deməkdir ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin bilikləri arasında ciddi qütbləşmə mövcuddur.