Bank Of Baku

Əməkdar hüquqşünas İkram Kərimov: Cavan olsam, Ərəblinskinin qətlini araşdırardım - MÜSAHİBƏ

Əməkdar hüquqşünas İkram Kərimov

© APA | Əməkdar hüquqşünas İkram Kərimov

# 20 iyul 2026 11:00 (UTC +04:00)

Əməkdar hüquqşünas İkram Kərimov APA-nın “Əsrin yaşıdı” layihəsində

Layihənin on beşinci yazısı

Dosye: İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Dörd kitab müəllifidir.

Liftdən çıxanda əvvəlcə məni qabağıma düşüb yol göstərən 13-14 yaşlı bir oğlan çaşdırır. Mənzilə daxil olanda isə yerə düzülmüş tərlikləri görüb çaşıram: Bilmirəm bura ofisdir, yoxsa yaşayış yeri. Ayaqqabılarımı çıxarımmı, çıxarmayımmı... Və açıq qapıdan boylananda bir tərəfdə kabineti, digər tərəfdə mətbəxi görüb ikiqat tərəddüdə düşürəm.

- Salam, İkram müəllim, gəlmək olar?

- Keç-keç.

- Uşağı gördüm...

- Nəvəmdir.

Onun dəvəti ilə birbaşa kabinetə keçirik.

- Allah saxlasın, sizə kömək edir?

- Əyləşin.

- Necəsiniz?

- Çox yorğunam, amma yaxşıyam.

- Bura ofisinizdir?

- Ofis deyəndə...

Nə mən sahibkaram, nə də ailəmdə sahibkar var

- Uşağı gördüm, bilmədim evdir, ya ofisdir, ayaqqabımı soyunum, yoxsa...

- Rəsmiyyətdə mənzildir. Amma... Ofis deyəndə çoxları elə bilir, sahibkarlıq fəaliyyəti ilə məşğul olursan.

- Siz isə burada yaradıcılıqla məşğul olursunuz.

- Bəli.

- Obyektləriniz yoxdur?

- Yox, yox, nə mən sahibkaram, nə də ailəmdə sahibkar var.

- Nə əcəb heç vaxt obyektiniz olmayıb?

- Qanun qadağan edib. Daşıdığım vəzifələrlə düz gəlmirdi.

- Ay İkram müəllim, qanun çox şeyi qadağan edir.

- Mən riayət edənlərdən olmuşam.

- Ətrafınızda çox adam da riayət etməyib.

- Ətrafımda yox, elə tabeçiliyimdə işləyənlər, yaxud məndən vəzifəcə yuxarıda işləyənlər əməl etməyib... Oğul, bilirsən necədir? Sahibkarlıqla məşğul olmaq istəyirsən, get ol, kim qadağan edir?

189 hakimlə işləmişəm, biri də deyə bilməz ki, mənə rüşvət verib

- Bəziləri sizin sahəyə ona görə gəlir ki, özünə şərait qursun. Binayi-qədimdən belə olub.

- Mən eləməmişəm. Mən 14 ilə yaxın Bakı Şəhər Məhkəməsinin sədri olmuşam. Səbail rayonunun da bir icra başçısı vardı, indi də durur. Bir gün rayonun məhkəmə sədri yanıma gəldi. Rəhmətə gedib. Ad çəkməyəcəm, dedi ki, başçı səndən “Forma 2” istəyir, soruşdum neyləyir, dedi, sənə Badamdardan 12 sot torpaq sahəsi ayırmaq istəyir. Dedim, mənə lazım deyil, istəmirəm. Sədr getdi, bir müddətdən sonra yenə gəldi, dedi, başçı deyir, ehtiyacı yoxdursa da hasara alar, qalar, lap biz hasara aldırıb verərik, götürsün. Yenə dedim, ehtiyacım yoxdur. Mənim Mərdəkanda bağım var. Sovet vaxtı dövlət pulsuz verib. Hardasa on gün keçmişdi, gördüm Nazirlər Kabinetinin iclası gedir. İclası da Heydər Əliyev aparır. Birdən Prezident çıxışında dedi ki, Badamdarda torpaq sahələri dağıdılır, vəzifəli şəxslərə verilir. Ad çəkmədi. Nazirin müavini yerindən qalxaraq dedi ki, məndə onların siyahısı var. Belə deyəndə Heydər Əliyev qayıtdı ki, əyləşin. Fikirləşdim ki, o siyahıda mən də olsaydım, nə olardı?

- Ailənizdə də deməyiblər ki, niyə bizim obyektlərimiz yoxdur? Niyə bu qədər fürsəti qaçırırsan?

- Mənim övladlarım o tərbiyədə olmayıblar. Ancaq istəsəydilər də deyə bilməzdilər. Sənə bir şey deyim. Mənim dörd kitabım çıxıb. O kitabların birində Aydın Ağazadə adlı bir jurnalistin yazısı var. Biz o vaxtı Xəlil Rzanın məsələsinə baxanda təzyiqlər çox oldu.

- Lefortovo məsələsində?

- Ay sağ ol. Baş prokurorun da müavini, indi professordur, cəza istədi, biz vermədik, bəraət verdik. Aydın Ağazadə də “Cəllad cəza istəyir” adlı məqaləsində yazmışdı ki, o vaxt Xəlil Rzaya ittiham hökmü çıxsa idi, bu Azərbaycanın ədalət mühakiməsi tarixində qara ləkə olaraq qalacaqdı. İndi onun sözü olmasın, əgər biz o vaxtı Xəlil Rzaya ittiham hökmü çıxarsaydıq, mənim o dörd kitabı yazmağa mənəvi haqqım olmazdı.

- Deməli, sizin təşəbbüsünüzlə Xəlil Rzaya cəza verilmədi?

- Təşəbbüs deyəndə qanuni olaraq nə düşür, onu elədim.

- İkram müəllim, heç vaxt rüşvət almamısınız?

- 189 hakimlə işləmişəm, biri də deyə bilməz ki, mənə rüşvət verib.

- Heç təşəbbüs göstərən də olmayıb?

- (Gülür) Elə cəsarətlisi olmayıb. Mən sizə bir söz də deyim. Vəzifə adamı dolandırır. Vəzifənin çox imtiyazları var. Kifayət edir. Mənim hazırda sürücüm və maşınım var. Maşını pulla almışam, sürücüyə də maaş verirəm. O vaxt maşın dövlətin idi, yanacağı da, sürücünün maaşını da dövlət verirdi.

- Nəqliyyata xərciniz çıxmırdı.

- Çıxmırdı. Rüşvət çar hökumətindən bizə keçdi. O vaxta qədər bizdə belə bir bölgü var idi: hədiyyə, pay, sovqat, bəxşiş...

- Şirinlik.

- Şirinlik yox, o rüşvətin gizli formada adıdır. Azərbaycanda rüşvət olmayıb. Sovqat nədir? Yaxud pay nədir? Bunların hərəsinin özünün təyinatı olub. Məsələn, həyətimdə meyvə ağacları var, barından yığıb uşaqlarıma göndərirəm. Bu, sovqatdır. Yaxud rayondan hansısa tanışım mənə bir quzu cəmdəyi göndərib, tələbatımdan artıqdır, bölüşdürürəm, bir az şoferə, bir az xadiməyə, bir az uşaqlara... Bu da paydır.

- Yəni belə şeylər olurdu?

- Əlbəttə. Qaçılmazdır.

- Gəlin etiraf edək ki, sovqat da, pay da müəyyən mənada asılılıq yaradır.

- Bu kimi məsələlər sinifdə şagirdlərin arasında da olur. Gəl sənə bir şey göstərim. (Ayağa dururuq. Şkafda qoyulmuş taxta suveniri göstərir). Bunu bir professor gətirib. A tövbə, tanımıram. Amma 40 il bundan qabaq mənim ona dediyim sözü ora yazıb, mənə verib. Deməliyəm ki, bu nədir mənə gətirmisən?

Uşaqların heç birinin adını mən qoymamışam

- İndi sizin vəzifəniz yoxdur.

- İndi...

Zəng gəlir, söhbətimiz yarımçıq qalır. Telefon danışığından belə başa düşürəm ki, zəng vuran qızıdır.

“Xəyyam gəlib bura. Məndən müsahibə götürürlər. Xəyyam da orda çay hazırlayır”.

Bu vaxt İkram müəllimin nəvəsi doğrudan da bizə çay gətirir.

- Afərin (mən deyirəm).

- Ağıllı baladır da (telefon danışığını yekunlaşdıran İkram müəllim nəvəsinə üzünü çevirir). Anan səni soruşurdu. Dedi, nə işlə məşğuldur? Dedim, qonaq üçün çay düzəldir.

- Adı Xəyyamdır?

- Hə.

- Siz qoymusunuz?

- Yox. Ora bax!

Stolun üstündə Ömər Xəyyamın rübailəri olan kitabı göstərir.

- Elə kitabı gördüyüm üçün maraqlı gəldi.

- Ömər də var bizdə. Xəyyamın xalası oğludur. Uşaqların heç birinin adını mən qoymamışam, mənimlə də məsləhətləşməyiblər (gülür). Amma hamısına yaxşı adlar qoyulub. Mənim xoşuma gələn adlar olub.

- Sizinlə nə əcəb məsləhətləşməyiblər?

- (Çiynini çəkir) Məsləhətləşməyiblər də.

- Evdə sərt olmusunuz, ya həlim?

- Mən, ümumiyyətlə, sərt adam olmamışam.

- İşiniz sərtlik tələb edir amma...

- O xarakterlə bağlıdır. Bəzən əsəbiləşə, səsinin tonunu qaldıra bilərsən.

- İkram müəllim, adamın üzünə baxanda bilirsiniz ki, potensial cinayətkardır, ya yox?

- Onu bilmək olmaz. Adamı tanımaq üçün bəzən an da bəs edir. Bilirsiniz, cəmiyyətdə insan haqqında fikrin formalaşması uzun bir prosesdir. Xüsusən də məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarında işləyənlər haqqında fikrin formalaşması daha çətindir. Bizim elm, mədəniyyət, ədəbiyyat, sənət sahəsində xeyli tanınmış adamlarımız var, müəyyən təltifləri, titulları var, adlarına küçə verilib.

- Amma hüquq adamlarına bu cür qiymət yoxdur.

- Mən yazdığım bu kitablarla müəyyən mənada o boşluğu doldurmağa çalışıram ki, hüquqşünas, istintaqçı, prokuror, hakim, vəkil nə deməkdir, nə çəkir, bilinsin.

- İkram müəllim, siz onda bu ad-sana xələl gəlməsin deyə, qanunlara hər zaman əməl etmisiniz, pozmamısınız?

- Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin mənim haqqımda yazılı fikri var. Deyir ki, Şəhər məhkəməsində elə qərarlar qəbul olunurdu ki, heç dünya praktikasında yoxdur. Azərbaycan xalqının Şıxəli Qurbanova məhəbbətini bilirsiniz.

- Bəli, Novruz bayramını bərpa edib.

- Bəli, faciəvi şəkildə də həlak olub. Şıxəli Qurbanova dövlət tərəfindən verilmiş bağ evinə iddia edən başqa şəxs də var idi. Onlar bağ evini Şıxəli Qurbanovun ailəsindən almaq istəyirdilər. SSRİ Baş prokurorunun imzası ilə protest gəldi ki, həmin bağ onun ailəsindən alınsın. Lakin biz o protesti rədd edib bağı Şıxəli Qurbanovun ailəsinin öhdəsində saxladıq. Sənədi də SSRİ prokuroruna göndərdik, o da bizim qərarla razılaşdı.

Adətən hakimlərin işinə müdaxilə etməmişəm

- Bu sırf sizin təşəbüsünüzlə olub?

- Yox, qanunun tələbi idi. Mənim dostum Mirzə Babayevin də bağının əlindən alınmaması üçün qərar çıxarmışıq. Yaxud Xalq rəssamı Kamil Əliyevlə bağlı qərar çıxarmışıq.

- Onun da işi bağla əlaqədar olub?

- Bəli. Saysız-hesabsız belə iş olub.

- Xeyli adamın bağ məsələsini həll etmisiniz.

- Söhbət təkcə bağdan getmir. Mən sizə başqa əhvalat deyim. Televiziya və Radio Verilişləri Komitəsinin sədri Məmməd Murad bir əmrlə 140–a yaxın əməkdaşı işdən çıxarmışdı. Onların arasında tanınmış şəxslər də vardı: yazıçı Cəlal Bərgüşad, İsmayıl Ömərov, "Xəbərlər" redaksiyasının müdiri Mülatif Adurov, Firuz Vəlixanlı və sair. Çox adam var idi.

- Siz müstəqillik vaxtından danışırsınız?

- Əlbəttə. İşə ilkin Səbail rayon məhkəməsi baxıb onları vəzifələrinə bərpa eləmişdi. Məmməd Murad da qərarı icra etməkdən imtina edib şəhər məhkəməsinə şikayət vermişdi. Adətən işdən azadetmə ilə bağlı əmrlər kadrlar idarəsinin rəhbərliyinin əmri ilə rəsmiləşdirilir. Komitədə də kadrlar idarəsinin rəisi əvvəllər Bakı Şəhər Məhkəməsinin, Ali Məhkəmənin sədri olmuş şəxs idi, təqaüdə çıxandan sonra orada işləyirdi, özü də elm adamı idi, əmək hüququ üzrə ixtisaslaşmışdı. Biz o şikayətə baxırdıq. İşin xarakterini təhlil edən hakim mənə məruzə elədi. Adətən, hakimlərin işinə müdaxilə etməmişəm, amma məsləhətə də ehtiyacları olurdu, öz təşəbbüsləri ilə mənimlə məsləhətləşirdilər. Mənə məruzə elədilər ki, rayon məhkəməsi düzgün qərar qəbul edib. Həmən günü məni ölkə prezidenti otağına dəvət elədi.

Prezidentə dedim ki, çalışarıq qanunun aliliyini qoruyaq

- Prezident kim idi?

- Nə fərqi var? Söhbət prezidentdən getmir. Səhəri günü biz işə baxacağıq. Bunu birinci dəfədir sizə danışıram. Otaqda xeyli adam var idi. Yaqub Məmmədov da orda idi. O vaxtı Milli Məclisin...

- Parlamentin sədri idi.

- Hə. Orada aşkaranə surətdə mənə deyildi ki, o iş üzrə Televiziya Komitəsinin mövqeyi qorunub saxlanılmalıdır. Durub necə deyəsən, yox, eləyə bilmərəm? İş mənim icraatımda deyil, hakimlərin icraatındadır. Yaxud necə deyəsən ki, baş üstə? Hakimlərin də əvəzinə mən öhdəlik götürə bilmərəm, imzanı onlar çəkir, mən çəkmirəm. Belə cavab verdim ki, çalışarıq qanunun aliliyini qoruyaq. Mən Prezident Aparatından çıxanda gördüm ki, Komitənin 40-a yaxın əməkdaşı başda İsmayıl Ömərov olmaqla şlaqbaumun qabağında tonqal qalayıb oturublar. Məni görüb dedilər, İkram müəllim, sabah işə baxılacaq, sən də Prezident Aparatından çıxırsan, yəqin sənə deyiblər bizim əleyhimizə qərar çıxar. Təbii ki, mən onlara həqiqəti deyə bilməzdim. Ancaq eyni zamanda mənim bir xarakterim də var idi ki, mənə olan təzyiqi hakimlərə bildirmirdim. Ola bilər ki, hakimlər o təzyiqi bilib, özləri də təsirə düşüb, bilavasitə olmasa da əks qərar verərlər. Ertəsi günü səhər məhkəmə prosesi başlamazdan öncə nəzarət şöbəsinin müdiri mənə dedi ki, Komitədən kadr idarəsinin rəisi nümayəndə kimi gəlib. Bayaq dediyim şəxs. Mən tez onunla rastlaşmamaq üçün tapşırdım ki, ona otaq ayırın, çay verin, yəqin ki, işlə tanış olmaq istəyir, olsun. Bir problem də var idi ki, işə baxan hakimlər vaxtilə onun tabeliyində işləmişdilər, onun təqdimatı əsasında da hakim olmuşdular. İndi onlar bu işə baxmalı idilər. Eyni zamanda da həmin adam onlara bildirməyə gəlmişdi ki, sədrinizə Aparatdan tapşırıq verilib. Məruzəçi hakim gəlib mənə dedi ki, İkram müəllim, sizə bu iş haqqında bir söz deyilib? Dedim yox, heç bir söz deyilməyib. Çıxıb getdi. Təbii ki, o gedib bu sözü nümayəndəyə çatdırıb, nümayəndə də deyib ki, yox, elə şey olar? Sədrinizə tapşırılıb. Hakim ikinci dəfə yanıma gələndə - bayaq soruşdunuz, İkram müəllim, işdə sərt olmusunuz, bəzən vəziyyətin özü insanı sərt olmağa vadar edir - mən həmin hakimə acıqlandım ki, siz dünən işi öz təşəbbüsünüzlə məruzə elədiniz? Dedi hə. Soruşdum, nə dediniz? Dediniz ki, qanuni qərardır, qüvvədə saxlayacağıq? Cavab verdi, hə. Dedim, onda gedin, işinizə baxın, mənə heç kəs bir söz deməyib. Əlbəttə müəyyən tonda, sərtlikdə sözümü ifadə etdim.

- Və qərarı qüvvədə saxladınız.

- Hövsələn olsun da (yüngülcə mənə də acıqlanır). Saxladıq. Məmməd Murad onları bərpa eləmədi. Dedi, mənim qəbrimin üstünə gəlsələr də, bərpa etməyəcəm. Bilirsiniz, dövlət o vaxtı güclü olur ki, onun məhkəmə qərarları icra olunur. Məhkəmə qərarları dövlətin adından qəbul edilir. Biz məhkəmə qərarının icra olunmamasına görə cinayət işi qaldırdıq. Materialları Respublika prokurorluğuna göndərdik, orada istintaq olundu, Məmməd Murad cinayət məsuliyyətinə cəlb edildi, iş göndərildi bizə, biz onu məhkum elədik, Məmmməd Murad işdən azad olundu, yerinə Məmməd İsmayıl təyin edildi. Və o, qərar icra olundu.

- Bəs...

- İndi siz düşünün.

- Təxmin elədim, Ayaz Mütəllibovun vaxtı olub.

- Mən yenə sizə deyirəm, söhbət getmir hansı prezident olub.

İndiki cinayətlər mənim üçün o qədər də maraqlı deyil

- Tapşırığını yerinə yetirmədiyiniz üçün Prezident sizə təzyiq göstərmədi?

- Sonra bu məsələyə Milli Məclisin müvafiq komitəsində baxıldı. Mən komitə sədri ilə tanış idim, əvvəllər əməkdaşlığımız olmuşdu, ona dedim ki, məhkəmə qərarını sizin araşdırmağa səlahiyyətiniz yoxdur, bunu ancaq məhkəmənin yuxarı instansiyaları araşdıra bilər. Amma mən sizə işlə bağlı arayış yazıb verə bilərəm. O, həmin arayışla da gedəsi oldu, bir daha gəlmədi. Sonradan mənə deyildi ki, Aparatdan Prezidentə məlumat verilib ki, məhkəmənin qərarı qanuni və əsaslıdır, o da bununla razılaşmışdı. Siz mənə deyin, keçmiş SSRİ, MDB miqyasında hansı ölkədə qərarı icra etməyən o boyda vəzifəli şəxs məhkum edilib? Elə bir şey olmayıb. Cəsarət edə bilməzdilər. Onu biz eləmişdik.

- İkram müəllim, 1966-ci ildən hüquq sahəsində fəaliyyət göstərirsiniz. O vaxtdan bura saysız-hesabsız cinayət, hüquq pozuntusu görmüsünüz. İndi də hansısa cinayət barədə mətbuatda oxuyanda, yaxud eşidəndə marağınızı çəkir, yoxsa daha yorulmusunuz?

- Bilirsiniz, daha mənim üçün o qədər maraq doğurmur. Eşitmək ayrı, işi oxuyub öyrənmək ayrı şeydir. Həkim həkimliyi ilə müəyyən analizləri görməsə, fikri formalaşa bilməz.

- Bəs 66-dan bu yana baş verən cinayətlərin xarakterində motiv, məzmun və ya başqa baxımdan hansısa dəyişiklik varmı?

- Mən artıq 12 ildir məhkəmə hakimiyyəti orqanlarında fəaliyyət göstərmirəm və o müqayisəni aparmıram. Mən kitablarımda hansı cinayətləri istintaq eləmişiksə, onlardan yazmışam. Sizin suala qaldıqda, indiki dövrlə o vaxtkı dövr arasına fərq çoxdur. Əvvəla, başımızın üstündə yumruq vardı, Moskva vardı. Xəlil Rzanı kim tutmuşdu?

- Moskva.

- İndi də yaşayır, İmamzadənin axundu Tahiri kim tutmuşdu, Moskva. Və Moskvanın təzyiqləri vardı. İndi biz müstəqil dövlətik, bu təzyiqlər yoxdur. Bunu qəbul etmək lazımdır. Ondan əlavə bizim qanunlar yenilənib. Qabaqlar apellyasiya məhkəmələri yox idi. Əvvəllər ölüm cəzası vardı. Qabaqlar elm və texnika indiki qədər inkişaf etməmişdi.

- Deməyim odur ki, cinayətlər arasında çeşidlilik...

- Əlbəttə fərq olmalıdır. İndi siz kibercinayətlər barədə eşidirsiniz. O vaxt yox idi.

- Bu texnologiya ilə bağlı cinayətdir. Amma insanların özlərində daxili cəhətdən deqradasiyamı gedib?..

- (Sözümü kəsir) yox, yox, yox, onu demək olmaz. Saysız-hesabsız işlər olub. Mətbuatda eşidirsiniz ki, filan hadisə oldu, polis həmin adamı dərhal tutdu, mühakiməyə cəlb etdi. Bu nə deməkdir?

Qanunun sərtliyi cinayətin kökünün kəsilməsinə xidmət etmir

- Yeni texnologiya.

- Əlbəttə, bunu müqayisə etmək olmaz. Belə müqayisə aparmaq da çətindir.

- Bilmək istəyirəm ki, sizcə, cinayətə meyllilik insanın mahiyyətindədirmi?

- Cinayət bütün dövrlərdə olub. Hansı dövrdə cinayət hadisələri olmayıb? Amma bir detalı sizə çatdırmaq istəyirəm, qanunun sərtliyi cinayətin kökünün kəsilməsinə xidmət etmir.

- Bəs nə xidmət edir? (Həmsöhbətim susur, bir qədər gözləyib, sonra davam edirəm). Mənim sualım çox sadəlövh səslənir?

- Onun konkret cavabını vermək dar mənada mümkündür, geniş mənada mümkün deyil. Hər gün eşidirik ki, sərhəddən narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Cinayətkarlıq bəzən ölkələrarası olur. Cinayət həmişə olub, olacaq da, onun qarşısını almaq olmaz. Elə bir ölkə tapılmaz ki, cinayət hadisəsi qeyd edilməsin.

- Ümumiyyətlə, insanın təhsilinin, dünyagörüşünün törətdiyi cinayətə təsiri var?

- Təhsilin bura nə aidiyyəti var? Eşitmirsən, yüksək vəzifəli şəxslər qeyri-qanuni hərəkətlərinə görə necə həbs olunur? Onlar savadlı deyillər? Hüquqşünaslar arasında məhkum olunanlar var, onlar hüququ, qayda-qanunu məgər bilmir? Elə insan da olur, heç adını yazmağı bilmir, amma mərhəmətlidir, qəbahətli heç bir iş görmür. Bu artıq bilirsiniz...

- (Onu qabaqlamaq istəyirəm) mənəviyyatla bağlıdır?

- ...cavabı çətin tapılan sualdır.

Azərbaycanda cinayətkarlığın üstünün açılması çox yüksək səviyyədədir

- Mifoloji dünyagörüşündən yanaşsaq Adəmlə Həvvanın övladlarından - Qabilin Habili tamah üstündə qətlə yetirməsindən üzü bəri cinayət var.

- Eşitməmisən, hakimiyyət üstündə öz övladını öldürən şahlar olub. Bunlar hamısı həyatda var. Hər halda arzu olunur ki, olmasın. Mən statistikanı dəqiq bilməsəm də, fəxr edirəm ki, Azərbaycanda cinayətkarlığın səviyyəsi çox aşağıdır, üstünün açılması çox yüksək səviyyədədir. Bütün bunlar yeni yetişən kadrların fəaliyyətinin nəticəsidir.

- İkram müəllim, masanızda Qurani-Kərim də görürəm. Nə vaxtsa hüquqla bağlı məsələlərdə köməyinizə gəlib?

- Ümumiyyətlə, hüququn mənbəyi müxtəlifdir. Adətlər özü hüququn mənbəyidir. Müəyyən rəftar qaydaları hüququn mənbəyidir. Misal üçün, bacı-qardaş evlənə bilməz. Qanun oldu-olmadı, bu adət indi də davam edir. Bunlar mənbədir. İstər Bibliyanı, istər Quranı və ya başqa dini kitabı götür, hamısı hüququn mənbələrindəndir. Hüquq özü onlardan qidalanır. Hətta mən deyərdim ki, bəzən elə heyvan adətləri var ki, hüququn mənbəyi kimi qəbul oluna bilər.

- Misal üçün.

(Çiynini ata-ata gülür və mən fikir verirəm ki, İkram müəllim bayaqdan hər dəfə güləndə eynilə bu cür hərəkət edir).

- Canavarın yoldaşı öləndən sonra ikinci dəfə cütləşmir, yalquzaq həyat tərzi sürür, ya da yeni bala doğulanda ata canavar onlara qida gətirir, analarını çay qırağına aparıb su içirir.

Bu vaxt İkram müəllimin telefonu yenə zəng çalır. Kimsə telefonda deyir ki, Xəyyamı aşağıda maşın gözləyir. İkram müəllim ayağa qalxıb nəvəsini yola salmağa gedir: onunla diqqətlə maraqlanır, nəyisə götürüb-götürmədiyini soruşur... Fikir verirəm, İkram müəllim də ailəsinə münasibətdə nümunə çəkdiyi canavar kimidir: qayğıkeş, mehriban, fədakar....

Nəvəsi çıxanda gəlib mənimlə də sağollaşır. Sonra biz söhbətimizə qaldığımız yerdən davam edirik.

Quranı bilmək, ona istinad etmək lazımdır

- Onda Quranı oxuyursunuz.

- Düzü, mən ərəb dilini bilmirəm. Əlbəttə, Quranı bilmək, ona istinad etmək lazımdır. Müəyyən dövrün tələbatını nəzərə alaraq, müəyyən anlayışları qəbul etmək xeyirlidir. Quran tərtib olunanda elm-texnika bu vəziyyətdə deyildi. Quranın hər bir ayəsi, surəsi örnəkdir. Bütün hallarda sərbəst vaxtda qəflətən əlimə alıb... (əyilib Quranı masanın üzərindən götürüb açır, rastgəlişi bir ayə oxuyur) “Kim yaxşı əməllər etmiş bir mömin olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir”. Kəlamdır da. İbrətdir də hamı üçün. Mən sənə başqa bir söz deyim (kitabı bağlayıb masaya qoyur). Yəqin eşitmisən, Bibliyada ölüm cəzasının müxtəlif üsulları var. Belə üsullardan biri daşqalaqdır. Bir dəfə xarici ölkədə keçirilən tədbirdə əcnəbi hüquqşünas mənə dedi ki, daşqalaq müsəlmanlarda həyata keçirilir. Guya bizim xoşagəlməz adətimizdir. Mən ona dedim ki, sən Bibliyanı aç oxu, cəza kimi daşqalağın tətbiq olunduğunu görəcəksən.

- İkram müəllim, bu vaxta kimi danışmadığınız hansısa cinayət işi var? Sizin müsahibələrə fikir vermişəm, bir neçə cinayət işi var ki, ən çox onları dilə gətirirsiniz.

- Elələri var ki, qəbrə getməlidir, onu ictimaiyyətə demək olmaz.

Ədalətli cəza vermək üçün gərək qanunun özü də ədalətli ola

- Heç olub ki, cinayətkara qarşı humanizm göstərib qanunu pozasınız?

- Əvvəla sizə deyim ki, ədalətli cəza vermək üçün gərək qanunun özü də ədalətli ola. Ona görə də cinayət qanunlarında humanizm prinsipi var. Mən bunu nəzəriyyəçi kimi yox, praktiki işçi kimi sizə deyirəm. Şəxsin şəxsiyyətini istintaqçı tam açıb göstərməlidir. Əfsus olsun ki, bütün hallarda buna riayət olunmur. Məndə elə cinayət işləri olub ki, cinayətkarın şəxsiyyətinin açılması üçün ittiham aktında dörd-beş vərəq yazı gedib. Cinayət eyni ola bilər. Amma onu törədən adamlar fərqlidir. Ona görə də qanunda qəsdən adam öldürməyə görə konkret cəza yazılmır, müəyyən interval qoyulur, yaxud müəyyən cəza növləri var, islah işləri var, cərimə cəzası var, azadlıqdan məhrumetmə var, ömürlük var və sair. Bunlar nə üçündür? Sən cəzanı müəyyənləşdirərkən cinayəti törətmiş şəxsin fəaliyyətini fərdiləşdirməlisən. Bunu da hakim məhkəmə hökmündə işıqlandırmalıdır. Hətta məhkəmə qanunda nəzərdə tutulmayan yüngülləşdirici hal da tətbiq edə bilər. Misal üçün, adam öldürmə cinayətlərində bir neçə kateqoriya var. Hər adam öldürmə cinayəti ömürlük məhkumluğa gətirib çıxarmır. Şəxsin özünün şəxsiyyəti də nəzərə alınır, qazidir, müharibədə vuruşub, əlildir, əvvəllər cinayət törətməyib və sair. Burda artıq humanizm prinsipləri işə düşür.

- Ona görə ədalətin simvolu tərəzidir? Yəni çəkəndən çox şey asılıdır?

- Bu yaxında bizim alimlərdən biri elektron tərəzi ilə cəzanın müəyyənləşdirilməsi məsələsini qaldırmışdı(gülür). Bütün hallarda hakim də insandır. Mən elə vaxt olub ki, ölüm cəzası istəmişəm, özüm də hönkürmüşəm. İnsan dəmir deyil. Biz də insanıq. Bəzən oturub fikirləşirsən, bu hadisə niyə baş verdi, olmamalı idi. Tanınmış bir xanımın oğlunun ətini kabab kimi şişə çəkmişdilər. Bu hərəkəti edən də var və yaxud bir güllə ilə işi bitmiş hesab edən də var.

- Olub ki, cinayətkara haqq qazandırasınız?

- Cinayətkardırsa, ona nə haqq qazandırmaq?

- Yəni əcəb edib öldürüb o alçağı.

- Bəzən cinayət məsuliyyətinə cəlb olunmuş şəxsin düzgün istintaq edilməməsi baş verə bilər... Baxmayaraq ki, mən saysız-hesabsız ölüm cəzasına imza atmışam, bununla belə, ölüm cəzasının ləğvini alqışlayıram.

- O imzalar sizi narahat edir?

- Narahat etməyib, ona görə ki, qüvvədə olan qanunun tətbiqindən söhbət gedir. Ancaq onu da deyim ki, Sovet vaxtı bir çox kateqoriyalarda cinayətlərə ölüm cəzası nəzərdə tutulurdu. Onların sırasında rüşvətalma, valyuta əməliyyatı qaydalarını pozma, dövlət əmlakını xüsusilə küllü miqdarda mənimsəmək kimi cinayətlər var idi.

- Tutalım ki, siz o vaxtı belə bir işə qol çəkmisiniz...

- (Sözümü ağzımda qoyub xüsusi vurğu ilə deyir).

Mənim toxunduğum işlər sizi maraqlandırırsa, onlar hamısı qəsdən ağırlaşdırıcı hallarda adam öldürmə cinayətləri üzrə olub! Başqa kateqoriya cinayət işi üzrə mən elə bir sənədə nə imza atmışam, nə də hökm çıxarmışam.

- Ona görə də narahat deyilsiniz?

- Əlbəttə. Narahat olsam, bu kitabları yaza bilməzdim. Səhəri günü biri çıxıb deyərdi ki, bu işi belə eləmisən, bunu deməyə nə mənəvi haqqın var?

Biz həqiqəti aşkar etmək üçün iş aparırıq

- İkram müəllim, cənnət-cəhənnəmə inanırsınız?

- (Gülür) Siz necə inanırsınızsa, mən də o cür inanıram.

- Dinin kökündə də sonucda mühakimə dayanır... Yəni bir hüquqçu olaraq sizi qiyamət məsələləri düşündürürmü?

- Mən hüquqşünasam, fakta əsaslanıram, gördüyüm, sübut elədiyim işlərə əsaslanıb qərar qəbul edirəm, sizin dediyiniz məsələləri hələ görməmişəm.

Nəsib bəy Yusifbəyli Kürdəmir ərazisində qətlə yetirilməyib

- Adətən insanlar yaşa dolanda özləri ilə bağlı hesabat verirlər, həm də bu, hüquqla bağlı işdir.

- Mən elə hesab edirəm ki, gələcək nəsillər üçün dörd kitabı qoyub gedirəm. Bəlkə gələcəkdə beş oldu. Mən o kitablarda istintaqçı necə olmalıdır yazmışam. Mən hansı ictimai formasiyada istintaqçı necə olmalıdır müqayisəsi aparmamışam. Konkret faktlar göstərmişəm. Onları bu gün də yoxlasınız, həmən qiyməti verə bilərsiniz. Onların heç bir formasiyaya aidiyyəti yoxdur. İkincisi, insan özü dərk etməlidir ki, nə dərəcədə ədalətli və qanunun aliliyini göstərməklə işləyib. Çox vaxt elə hesab edirlər ki, müstəntiq kimisə ifşa etmək üçün işləyir. Elə deyil. Biz həqiqəti aşkar etmək üçün iş aparırıq. Bəlkə birinin oğlunu öldürüblərsə, mən onu aşkar edirəmsə, öldürən tərəf üçün ədalətsiz adamam, öldürülən tərəf üçün ədalətli, belə şey yoxdur. Biz aşkar edib ortalığa çıxarırıq və buna qiymət veririk. Bizim işimiz Həsəni, Məmmədi suçlamaq deyil, ədaləti ortaya çıxarmaqdır. Arxeoloqlar qazıntı işləri aparıb keçmişdə baş vermiş hadisəni bərpa etməyə çalışırlar. Müstəntiq də hadisəni olduğu kimi bərpa edən şəxsdir.

- Yeri gəlmişkən, keçmişdə baş vermiş məşhur bir cinayət işini araşdırmaq istəmisiniz? Misal üçün Ərəblinskinin qətli.

- Cavan olsaydım istəyərdim (gülür).

- Bəs Nəsib bəy Yusifbəylinin ölümü?.. Kürdəmir yolunda müəmmalı şəkildə qətlə yetirilib (İkram müəllimin Kürdəmirdən olduğunu nəzərə alıb bu cinayəti də nümunə gətirirəm).

- Nəsib bəy Yusifbəylinin qətli ilə bağlı müxtəlif versiyalar var. O gedərkən əlində çamadan olub. Mənim eşitdiyim versiyaya görə, bu əhvalat Kürdəmirdə olmayıb. Rayonun adını çəkmirəm. Kürdəmirdən xeyli aralı, Gəncə istiqamətində bir rayonun kəndində olub. Nəsib bəy Yusifbəyli dostunun evində gecələyib. Dostu da hesab edib ki, yəqin çamadanındakı puldur, ona görə öldürüb, çamadanı açanda da görüb ki, şəxsi əşyaları və sənədlərdir. Bu versiya nə dərəcədə ağlabatandır, deyə bilmərəm, amma belə eşitmişəm.

Telefona baxıram... Üç saata yaxındır danışırıq. Müsahibəni yekunlaşdırmağın vaxtı çatıb. Halbuki İkram müəllimdən uşaqlığı, gəncliyi ilə bağlı xatirələrini də soruşmağı planlaşdırmışdım. İlk andan müsahibimin zəhmi basdı, söhbətin məcrasını istədiyim yönə meylləndirə bilmədim, soruşmaq istədiklərimin çoxu qaldı. “Eybi yox” deyib söhbəti burada dayandırırıq. Qərara alırıq ki, şəkillərini çəkmək üçün növbəti dəfə fotoqrafla gələndə mən müsahibəni də hazırlayıb gətirim, oxusun.

***

...mənzilə girəndə görürəm divardan köhnə şəkillər asılıb.

Stalini təpədən-dırnağa mənfi şəxs kimi qiymətləndirmək düzgün deyil

- İkram müəllim, keçən dəfə məni necə ovsunladınızsa, divardakı şəkillərə fikir vermədim, düz girib, düz də çıxdım.

- Hə (gülür).

Sərgidəki kimi fotoların qarşısında dayanmışıq.

- Halbuki uşaqlığınız barədə də soruşmaq istəyirdim.

- İndi danışaram.

- (Zarafata salıram) hara danışırsınız, müsahibə bitib.

- Nolasıdır, əlavə edərsən. Mən müharibə vaxtı anadan olmuşam. Düzdür, o dövrü xatırlamıram, amma müharibədən sonra evdə elə müharibə söhbətləri gedirdi. Bax bu, əmimdir (divardakı şəkillərdən birini göstərir). Müharibədən qayıtmayıb. Onun söhbətini edirdilər. Pul dəyişdi, o dövrü yaxşı xatırlayıram. Bir kisə pul oldu, bir dənə pul.

- Müharibənin bitməyi də yadınıza gəlməz.

- Yox təbii. Amma Stalinin ölməyi yadımdadır. Bizi məktəbdən yığıb apardılar. Küçədə bir radio vardı. Onun altında dayandıq. Stalin ölmüşdü, onun məlumatını verirdilər. Onda mən ikinci sinifdə oxuyurdum.

- Eşidəndə ağladınız?

- Mən yox, ağlayanlar var idi. Xüsusən, yaşlı adamlar, qadınlar ağlayırdılar.

- Deməli, Stalinə məhəbbət var idi?

- Bilirsiniz, indi də qəbul olunub ki, İkinci Dünya müharibəsində Hitler Almaniyası üzərində qələbənin əsas aparıcı qüvvəsi Stalin olub. Bu danılmazdır. Hər bir rəhbərin, insanın mənfi və müsbət cəhətləri ola bilər. Stalini təpədən-dırnağa mənfi şəxs kimi qiymətləndirmək də düzgün deyil.

- Axı təpədən-dırnağa mənfi şəxs olub.

- Stalinin müəyyən qabiliyyətləri olmasaydı... Ölkənin inkişafı onun adı ilə bağlı idi.

- Onu mühakimə etsəydiniz bəraət verərdiniz?

- Bilirsiniz, bəzən insanın cinayət işlətməsində onun yetişdiyi mühit rol oynayır. Stalin o dövrün, mühitin canisidir, onu tarixin canisi adlandırmaq tam ədalətsizlik olardı.

Mübahisədən qaçmaq adına yan divardan asılmış gözəl bir qadın şəkilini göstərirəm.

- Bu kimdir?

- Anamdır. Anam olduqca gözəl qadın olub.

- Hə, çox gözəl olub. Neçə yaşında ərə gedib?

- Ərə getməyib, atam qaçırıb.

- (Bu dəfə yaşlı bir qadın fotosunu göstərirəm) Bəs bu kimdir?

- Anamın anasıdır. Yanındakı da babamdır.

- Görmüsünüz?

- Hə, xeylaq yaşayıblar. O yandakı ata babamdır. 103 il yaşayıb.

- Yəqin babalarınız kəndli olublar.

- Ana babam kolxozun üzüm bağlarında briqadir işləyirdi.

- Sizə maraqlı nə danışırdılar?

- Babam atamın anası haqqında çox söhbət edirdi. O, Ceyran adında qadın olub, çox xarakterli qadın olub.

- Siz onu görməmisiniz?

- Onu heç mənim anam da görməyib. Anam ərə gedəndə o yox idi. Deyim necə olub rəhmətə gedib. Babamın qoyun sürüləri varmış. Nənəm gecələr çiynində tüfəng gedib onları yoxlayarmış. Yəni belə cəsur xanım imiş. At üstündə gəzirmiş. 1918-ci ildə ermənilər Kürdəmiri işğal edəndə babam nənəmi, atamı və digər oğullarını öz əmisi oğluna qoşub kəl arabası ilə Göyçaya yola salır. Yolda ermənilərin bombası düşür. Düzdür, tələfat olmur, amma nənəm elə bilir uşaqlar ölüb, qorxudanmı, nədənmi həlak olur.

- Yəni güllə filan dəymir?

- Yox. Elə orda da basdırırlar. Yeri də bəlli olmur. Babamı həmişə düşündürən nənəmin taleyi olub. Anamın anasını isə görmüşəm. Ondan anamın doğum tarixini soruşanda deyirdi, heyvalar gül açanda doğulub. İlini soruşanda da deyirdi ki, qaçqın düşəndə anan yaş yarım idi. Nənəmgil 1918-ci il hadisələrində köçüb canlarını qurtarmışdılar. Nənəm onu deyirdi. Özü də evlərinə nöyüt tökmüşdülər, amma imkan tapıb yandırmamışdılar.

- Ermənilər?

- Bəli. İndiyə qədər eyvanda nöyütün ləkəsi qalır.

- Ev durur ki?

- Durur. İki otaqlı, eyvanlı, üstü kirəmitli evdir, ana babamın evidir. Sonra...

...sonra İkram müəllim yenə nəsə danışır. Mənimsə fikrim başqa yerdədir. Deyirəm, görəsən, bir də nə vaxtsa belə söhbətcil, xoşrəftar, mehriban hakim görəcəyəmmi? Məncə, çətin. Əlbəttə, müsahib kimi nəzərdə tuturam. O biri cüründən Allah qorusun.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR