Fatma Yıldırım: Avropanın ailə mövzusunda zərərli təcrübəsinin təbliğatı aparılır

Fatma Yıldırım: Avropanın ailə mövzusunda zərərli təcrübəsinin təbliğatı aparılır
# 24 may 2024 13:11 (UTC +04:00)

Bu gün Qərbin ailə institutları faktiki olaraq məhv olub.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı”nın müzakirəsi zamanı deputat Fatma Yıldırım bildirib.

Deputat deyib ki, Qərbdə uşaq müəyyən yaş həddinə çatandan sonra valideynlər onu müstəqil həyat qurmağa məcbur edir: “Azərbaycan ailəsi hər zaman uzun ömürlü olması və dünyada özünəməxsusluğu ilə seçilib. Ailə həm də kiçik dövlətdir. Ailəni qorumaq üçün birinci növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Bu səbəbdən də milli adət-ənənələrimizin, dəyərlərimizin və nəhayət, ailələrimizin qorunması ən mühüm vəzifələrimizdən biri olmalıdır”.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var: “Bu gün ailə modelimizdə, adət-ənənələrimizdə müəyyən dəyişikliklərin olması fikri tez-tez səslənir. Xüsusilə, müəyyən qüvvələr tərəfindən ailə dəyərlərimizi məhv etmək üçün Avropanın ailə mövzusunda zərərli təcrübəsinin təbliğatı aparılır. Bu, yolverilməzdir. Məhz belə təbliğatın, “inteqrasiyanın” nəticəsidir ki, ailələr dağılır, boşanmaların sayı artır. Son illərdə boşanma hallarına nəzər saldıqda müəyyən dərəcədə narahatlıq yaşayırıq. Əvvəllər bu göstərici qurulan nikahların 10-11 faizi nisbətində olurdusa, hazırda bu rəqəm təəssüf ki, artıb. Sonuncu statistika isə çox narahatedicidir. Düşünürəm ki, bu istiqamətdə ciddi tədbirlər görülməlidir. Parlament bir neçə il öncə “Mediasiya haqqında” qanun qəbul edib. Mediasiya Şurası boşanma ilə bağlı problemlərin məhkəmələrə gedib çıxmaması üçün hansı addımlar atır? Boşanmaların artmasının əsas səbəbləri nələrdi və mediasiya təşkilatları tərəfindən bunun təhlili aparılırmı? Boşanmaların artmasının qarşısını almaq üçün təkliflər verirlərmi və onların fəaliyyəti vəziyyətə müsbət təsir edirmi?”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR