Bank Of Baku

FHN-in İdman-sağlamlıq klubuna media-tur təşkil edilib - FOTO

FHN-in İdman-sağlamlıq klubuna media-tur təşkil edilib - FOTO
# 16 oktyabr 2024 12:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubuna media-tur təşkil edilib.

APA xəbər verir ki, FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev klub barədə jurnalistlərə məlumat verib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu 2006-cı ildən fəaliyyətə başlayıb: “27 dekabr 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə İdman-sağlamlıq Mərkəzinin açılış mərasimi keçirilib. İdman-sağlamlıq klubu Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlıq səviyyəsinin yüksəldilməsini, xidməti tətbiqi və digər idman növlərinin yaradılmasını və inkişafını təmin edən qurumdur”.

Füzuli Musayev deyib ki, İdman-sağlamlıq klubunda FHN əməkdaşı olmayan klub üzvləri də fəaliyyət göstərə bilər: “İstəyənlər müraciət edərək bizim üzvümüz ola bilər”.

Daha sonra muzeylə tanışlıq olub. Bildirilib ki, muzey 2 hissədən ibarətdir: Ulu Öndər Heydər Əliyevə aid hissə və Prezident İlham Əliyevə aid hissə.

Polkovnik Füzuli Musayev qeyd edib ki, Ulu öndərin yüz illiyinə həsr olunmuş tədbirdə 52 qurumdan ibarət qurumlararası yarışda FHN komandası qalib gəlib və kubok qazanıb: "Fəxrlə deyə bilərəm ki, hazırda bu kubok bizim muzeydədir. Həmçinin biz avarçəkmə, velosiped, qolf yarışlarında da çempion olmuşuq”.

Qeyd edilib ki, ümumi ərazisi 14 min kvadratmetr olan idman kompleksində bütün zəruri infrastruktur -1950 tamaşaçı yerlik universal zal, 700 yerlik açıq havada futbol stadionu, 5 idman zalı (boks, güləş, karate, cüdo, fitness) üzgüçülük hovuzu, 120 nəfərlik iclas və müşavirələrin keçirilməsi üçün akt zalı, konfrans zalı, idman nailiyyətləri üzrə muzey yaradılıb.

İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və xüsusi rütbəli əməkdaşların fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. İdman-sağlamlıq klubunda 4 şöbə və 4 bölmə xidmət göstərir. Klubun əsas funksiya və vəzifələrinə aid olan şəxsi heyətin fiziki hazırlığını və nazirliyin qurumları arasında peşə hazırlığının təcəssümü olan xidməti tətbiqi və kütləvi idman növləri üzrə yarışların təşkili və keçirilməsi aiddir ki, bu məqsədlə il ərzində nazirliyin qurumları arasında 9 (şahmat, stolüstü tennis, çoxnövçülük, minifutbol, cüdo, beşnövçülük, səmti müəyyənetmə, voleybol, sərbəst güləş) yarış keçirilib. Bu yarışlarda 800-ə yaxın əməkdaş iştirak edərək öz qüvvələrini sınayırlar. Bundan başqa nazirliyin idmançı əməkdaşları respublika və beynəlxalq yarışlarda iştirak edərək yüksək nailiyyətlər qazanıblar. Belə ki, bu il ərzində cüdo, karate, güləş üzrə avropa və dünya çempionatarında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanılıb.

O da bildirilib ki, 2024 Paris Yay Olimpiya oyunlarında iştirak edən Taekvondo üzrə milli komandanın üzvü Olimpiya oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov İdman-sağlamlıq klubunun üzvüdür.

Klubun fəaliyyət sahələrindən biri də idman təlim bölməsidir ki, kütləvi idman növləri üzrə yüksək səviyyəli idmançıların hazırlanması sahəsində fəaliyyət göstərir. Belə ki, klubda taekvondo, boks, güləş, kikboksinq, cüdo, karate, gimnastika, növləri üzrə idman bölmələri yaradılmışdır. Bu bölmələrdə 500-ə yaxın idmançı məşğul olaraq respublika çempionatlarında və beynəlxalq yarışlarda iştirak edirlər.

Klubun kütləvi idman növləri üzrə yığma komandası respublika üzrə daxili və beynəlxalq miqyaslı yarışlarda uğurlu iştirak edir.

Belə ki, FHN-in kişilərdən ibarət voleybol üzrə yığma komandası Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “I Dünya Korporativ Oyunlarında qızıl medalın sahibi olub. Bundan başqa, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə dövlət qurumları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol yarışında, voleybol, stolüstü tennis, çimərlik voleybolu, qolf, 3x3 basketbol, avarçəkmə, velosiped, padel, kamandan oxatma idman yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

Klubun bazasında müxtəlif idman növləri üzrə idman federasiyaları tərəfindən (taekvondo, cüdo, karate, güləş, futzal, basketbol) respublika birincilik və çempionatları, eləcə də beynəlxalq miqyaslı yarışlar keçirilir. 2019-cu ildə “Avropa Gənclər Olimpiya Festivalı”nın voleybol üzrə yarışları İdman-sağlamlıq klubun arenasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR