"TTKF-nin elektron portalına üç il ərzində 58 mindən çox müraciət daxil olub, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşdirilib"
APA xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri v.m.i.e. (müvəqqəti icra edən) Bəhruz Əzimov Fondun 3 illik fəaliyyətinə dair keçirilən media brifinqdə deyib.
O bildirib ki, bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb.
Fond sədri deyib ki, üç il ərzində kredit götürmüş tələbələrin 39 faizi kişi, 61 faizi qadın olub: "Rəsmiləşdirilmiş kreditlərin 70 faiz bakalavr, 24,6 faiz magistatura təhsili üçün olub".
"Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur, hətta 23 ailədə valideyn və övladlarla da daxil olmaqla, ümumilikdə 69 nəfər, 1069 ailədə isə 2 nəfər, ümumilikdə 2318 nəfər tələbə adı qazanıb", - deyə o qeyd edib.