Bank Of Baku

Göyçayda kanalizasiya suları ilə bağlı problem həll olunub - FOTO

Göyçayda kanalizasiya suları ilə bağlı problem həll olunub  - FOTO
# 12 may 2022 20:09 (UTC +04:00)

Göyçay rayonunun Şəhadət kəndində 6 ildir ki, həyətyanı sahələri, evləri, meyvə bağları kanalizasiya suları altında qalan 20-dən çox ailənin problemi həll olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəhadət kəndindən keçən Göyçay şəhərinin köhnə kanalizasiya xəttindən axan çirkab sularının vurduğu ziyanla bağlı vətəndaşlar dəfələrlə Göyçay rayon Su-Kanal İdarəsinin rəhbəri İlham Kərimova müraciət ediblər. O isə cavabında deyib ki, Göyçay şəhərinin su-kanalizasiya sistemi 2011-2015-ci illərdə yenidən qurulub, hazırda köhnə kanalizasiya borusundan istifadə olunmur və həmin xətt idarənin balansında deyil, bütün evlərin və obyektlərin kanalizasiya xətti təzə kəmərə qoşulub:

“Göyçay şəhərindən bu köhnə kəmərə kanalizasiya suyu axıdılmır, Şəhadət kəndinin yuxarı hissəsində yaşayan sakinlər həyətyanı sahələrini suvararkən səhlənkarlıq edirlər, bu kanalizasiya borusunun lyuk qapaqlarını açıq qoyurlar və ora su axıdırlar. Həmin su kəndin aşağı hissəsində borunun lyuk qapaqlarından çıxaraq həyətlərə dolur, vətəndaşlara ziyan vurur".

Çirkab sularından ziyan çəkən kənd sakinləri Sahib Məmmədov, Niyazi Abdullayev, Vilayət Bağıyev, Rafael Hacıyev, Şaiq Abdullayev, Məcnun Rəhimov, Sakin Məmmədov, Qoşqar Bədəlov, Mətləb Əliyev və başqaları çarəsiz qalaraq bir neçə gün öncə problemin ictimailəşməsi üçün APA-ya müraciət ediblər.

APA-nın yerli bürosu həmin kənddə çəkiliş edərkən rayon su-kanal idarəsinin rəhbəri İlham Kərimovdan məsələyə münasibət öyrənməyə çalışsa da eyni cavabı alıb, müdir köhnə kanalizasiya borusunun rəhbərlik etdiyi qurumun balansında olmadığını, problemin vətəndaşların özləri tərəfindən həll edilməli olduğunu bildirib.

Məsələ ictimailəşdikdən sonra "Azərsu" ASC-nin rəhbərliyi tərəfindən Göyçay Su-Kanal İdarəsinin balansında olan köhnə kanalizasiya borusundan istifadənin dərhal dayandırılması və çirkab sularının yeni boruya axıdılmasının təmin olunması ilə bağlı tapşırıq verilib.

İdarənin istismar şöbəsinin işçiləri və texnikaları həmin kənddə qazıntı işləri aparıb, Göyçay şəhərinin köhnə kanalizasiya borusu təzə xəttə qoşulub, çirkab sularının həyətyanı sahələrə axmasının qarşısı alınıb. İdarənin işçilərinin sözlərinə görə, Göyçay şəhərinin köhnə və təzə kanalizasiya xətləri hazırda işlək vəziyyətdədir, onların hər ikisi idarənin balansındadır. Şəhərin çirkab sularının təxminən 30 faizi hazırda köhnə xətt vasitəsilə axıdılır. Hər iki xətt Şəhadət kəndinin cənubundakı boş ərazidə yerləşən Çirkab Sularını Təmizləmə Qurğusuna qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR