“Yanğına məruz qalmış ərazilərdə bəzi bitki növləri zərər görüb. Ancaq yağıntılardan sonra orada bəzi ağac növlərinin kökdən pöhrə verdiyini görmüşük”.
APA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, ancaq tam yanmış ağaclar da var:
“Ona görə də həmin ərazilərdə toxumların səpini prosesi həyata keçiriləcək. Xüsusilə palıd ağacı toxumları həmin ərazilərə səpiləcək”.
V. Fərzəliyev qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılmasına başlanılıb:
“Hazırda tinglik sahələrində nadir bitkilərdən şərq çinarı, eldar şamı, qafqaz xurması kimi tinglər yetişdilir. Artıq bu il saqqız (yabanı püstə), cökə və azat kimi müxtəlifcinsli ağacların çoxaldılmasına başlanılıb”.
O əlavə edib ki, “Qırmızı kitab”a düşən növlərin də toxumla çoxaldılması nəzərdə tutulur:
“Toxumla çoxaldımış bitkilər vegetativ üsulla çoxaldılımışlara nisbətən ətraf mühitin təsirlərinə daha davamlıdır. Vegetativ üsulla adətən dekorativ bitkilərin çoxaldılması məqsədilə istifadə olunur”.
Vahid Fərzəliyev vurğulayıb ki, payız ağac əkini ilə əlaqədar 17 oktyabr 2022-ci il tarixində ölkə üzrə genişmiqyaslı yaşıllaşdırma işlərinə start verilir.
O bildirib ki, Bakı və Abşeronda, eləcə də ölkəninmeşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlifcinsli ağaclar əkiləcək.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədr müavini Söhrab Abbasov isə deyib ki, bu ilin payız əkin mövsümündə Bakı və Abşeron yarımadasında Müşfiqabad qəsəbəsinin 65 ha ərazisində 40 mindən çox, Xocasən qəsəbəsinin 56 hektarında 35 min müxtəlifcinsli ağac əkiləcək