“Sertifikasiya liberal ola bilməz. Bu olarsa, biz bəzi problemlərlə üzləşə bilərdik”.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, könüllü olsa, özünə güvənən müəllimlər sertifikasiya olunacaq və maaşı artacaqdı:
“Amma diplomu saxta olan, özünə güvənməyən müəllimlər imtahana gəlməyəcəkdi. Biz onları müəyyənləşdirə bilməyəcəkdik. Biz indiyə kimi bir neçə direktoru, bağça müdirini işdən azad edə bilmişik. Amma məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur.
Bizdə adam haqqında məhkəmə qərarı var ki, müəllim işləyə bilməz, işdən çıxıb. Amma adam qəbuluma gəlir ki, məni bərpa elə. Biz ona görə sertifikasiyanı tətbiq etməliyik. Biz sosial tərəfi də nəzərə alırıq, amma bunu etməliyik. Adam imtahandan kəsiləndə olur ədalətsizlik, adamı işdən çıxarırsan, olursan ədalətsiz”.