Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.
APA xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən bildirib ki, xəsarətlər əsasən travmatikdir.
“Onların hansı səbəbdən xəsarət aldıqlarını - qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik. Bu özü ayrı araşdırmanın mövzusudur, əsasən sınıq və küt travmalar var", - nazir qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.