"Azərbaycana gətirilmiş yaralıların ilkin müayinələri aparılıb, vəziyyətləri qənaətbəxşdir".
APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"da yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
"Dünən təyyarə qəzasında xəsarət almış 14 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. Onlar hamısı "Yeni Klinika"da yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir. Böyük bir qismi qısa müddətdə sağlam vəziyyətdə evə yazılacaqlar",- deyə nazir bildirib.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.