Ötən il Xorvatiya Respublikası Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Baş İdarəsi tərəfindən 8 baş və Marşal İrsi İnstitutu tərəfindən 12 baş minaaxtaran it Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) ianə olunub.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
2024-cü ildə yerli istehsal hesabına 17 ədəd mexaniki minatəmizləmə maşınının Agentliyə təchiz olunması yekunlaşıb. Habelə əvvəlki və 2024-cü ildə bağlanılmış müqavilələr üzrə 65 ədəd müxtəlif markalı nəqliyyat vasitələri satın alınaraq Agentliyin istismarına verilib.
Agentliklə ABŞ-nin Marşal İrsi İnstitutu, Səudiyyə Ərəbistanı Krallığını təmsil edən Kral Salman Humanitar Yardım Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyi və Xorvatiya Respublikası Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Baş İdarəsi arasında müvafiq Anlaşma Memorandumları imzalanıb.
Sözügedən memorandumlar çərçivəsində bu fəaliyyətə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti tərəfindən Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə 3 mln. ABŞ dolları, Birləşmiş Ərəb Əmirlikləri Hökuməti tərəfindən həmin ölkənin Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə 5 mln. ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərilib.