Bank Of Baku

Ötən il zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri olub

Ötən il zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri olub
# 15 dekabr 2022 14:06 (UTC +04:00)

Keçən il qurbanlara qarşı zorakılıq həm intim partnyorları, həm də intim partnyorları olmayan şəxslər tərəfindən törədilir.

APA xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri, 6%-i qanuni nikahda olmadan birgə yaşadığı şəxs, 4%-i anası, 4%-i atası, 10%-i qardaşı, 12%-i qaynanası, qalan 15%-i isə digər şəxslərdir (arvad, ögey ana, övladlığa götürən, baldız, bibi, dayı, bacı və s.).

Zorakılıq qurbanları daha çox məişət zəminində fiziki və psixi zorakılığa məruz qalırlar. Sorğuya cəlb olunmuş respondentlərin 78%-i fiziki, 84%-i psixi zorakılığa məruz qaldığını bildirib. Ekspertlərin əksəriyyətinin qənaətinə görə, zorakılıq qurbanlarının çoxu seksual zorakılığa məruz qalmalarını açıqlamaqdan çəkindiklərindən seksual zorakılıq qurbanlarının statistik göstəriciləri reallıqda olduğundan dəfələrlə aşağıdır. Eyni zamanda iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərə məruz qalanların da statistikası reallıqdan uzaqdır. Sorğuya cəlb edilmiş respondentlərin yalnız 33%-i iqtisadi, 11%-i isə seksual zorakılığa məruz qaldığını bildirib. Sorğuda iştirak edən respondentlərin 9%-i COVİD-19 pandemiyası dövründə zorakılıq hallarının artdığını, 2%-i azaldığını, 89%-i isə fərq etmədiyini bildirib.

Araşdırmanın nəticələrinə görə mövcud stereotiplər (71%), kənar şəxslərin müdaxiləsi (62%), alkoqol və narkotik asılılığı (61%), xarakterdə zorakılığa meyllilik (56%),

maddi problemlər (54%), qısqanclıq (45%) və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi (42%) məişət zorakılığında daha çox rol oynayan səbəblərdir.

“Məişət zorakılığına məruz qaldıqdan sonra kömək üçün müraciət etmisinizmi?” sualına cavab verən respondentlərin 31%-i ümumiyyətlə müraciət etmədiklərini bildiriblər. Müraciət etməyənlərin 12%-i məlumatsız olmaları, 26%-i müraciət edəcəkləri təqdirdə daha ağır zorakılığa məruz qalacaqlarından qorxmaları, 32%-i el qınağından çəkindikləri, 30%-i ailənin dağıla biləcəyindən narahatlıq keçirdikləri səbəbindən müraciət etmədiklərini bildiriblər.

Kömək üçün müraciət edənlərin 68%-i polis, prokurorluq və məhkəmə orqanlarına, 12%-i dostlara və qohumlara, 5%-i yardım mərkəzləri və sığınacaqlara, 3%-i ictimai təşkilatlara, 12%-i digər kömək vasitələrinə (ƏƏSMN-ə, psixoloqlara, ictimai təşkilatlara, televiziya proqramlarına) müraciət ediblər.

Dövlət orqanlarına kömək üçün müraciət etmiş respondentlərin 25%-i görülən tədbirlərdən tam razı qaldığını, 42%-i qismən razı qaldığını, 33%-i isə razı qalmadığını bildirib.

Məişət zorakılığına məruz qalmış şəxslərin 27%-i zorakılıq törətmiş şəxsə qarşı başlanmış inzibati və ya cinayət işinə barışıq əsasında xitam verildiyini, 22%-i bu halların bir neçə dəfə baş verdiyini bildirib. Zorakılıq törətmiş şəxslə barışmış qurbanların 29%-i belə halların bir daha baş verməyəcəyinə inandığından, 26%-i ailənin bütövlüyünü qorumağa çalışdığından, 23%-i barışığa məcbur edildiyindən, 22%-i digər səbəblərdən (el qınağından çəkindiyindən, qarşı tərəfin hədələrindən qorxduğundan, uşaqlarının gələcəyini düşündüyündən) zorakılıq törətmiş şəxslə barışdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR