Payız-qış mövsümündə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

Payız-qış mövsümündə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib
# 08 dekabr 2023 15:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nərimanov Rayon İcra Hakimiyyətində “Nərimanov rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayon təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev rayon ərazisində yanğın təhlükəsizliyi və mülki müdafiə sahəsində aparılan işləri yüksək qiymətləndirib, problemlərin həlli üzrə aidiyyəti rayon xidmətlərinə müvafiq tapşırıqlar verib. Toplantıda rayon sakinlərinin təhlükəsizliyinin prioritet olduğu və bu baxımından aparılan təbliğat işinin vacibliyi başçı tərəfindən vurğulanıb. Yekunda natiq tədbirin əhəmiyyətini, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə əməli fəaliyyətlə yanaşı təcrübə mübadiləsinin də vacibliyini qeyd edib.

Sonra çıxış edən FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov mülki müdafiə sahəsində mövcud problemləri və onun həlli yollarını səsləndirib. Həmçinin, rayon ərazisində yerləşən yaşayış binalarının ətrafında parklanma ilə bağlı çoxsaylı şikayətlərin qeydə alındığı və bu nizamsız parklanmanın yanğınlar zamanı xüsusi texnikaların ərazidə sərbəst fəaliyyətinə birbaşa maneə törətməsini bildirilib. Mərkəz rəisi nitqinin sonunda yanğın təhlükəsizliyi və mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyəti diqqətə çatdırıb və bunun daim inkişaf edən dinamikada davam etdirilməsinin əhəmiyyətini deyib.

Daha sonra tədbirdə çıxış edənlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” və “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzularında ətraflı məlumat veriblər. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində aparılmış monitorinqin nəticələri müşavirə iştirakçılarına təqdim edilib. Qeyd olunub ki, bu ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirədə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR