Bank Of Baku

Professor: Azərbaycan Dili Günü dilimizin qorunmasına və inkişafına yeni istiqamət verir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova

© APA | Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova

# 01 avqust 2026 18:17 (UTC +04:00)

“Hər il 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə qeyd edilən bu tarixi gün ana dilimizin dövlət səviyyəsində tanınması, qorunması və inkişaf etdirilməsinə yeni istiqamət verir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Sayalı Sadıqova bildirib ki, müstəqil dövlətin rəsmi dövlət dili olan Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, tarixi yaddaşı və milli kimliyinin dayağı, dövlətçiliyimizin əsas atributlarından biri kimi inkişaf etdirilir: "Dövlətçiliyin əsas atributlarından biri olan dövlət dilinin qorunması dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyində çıxışında, istərsə də 2026-cı il yanvarın 5-də jurnalistlərə verdiyi müsahibəsində ana dilimizin ən böyük təəssübkeşi kimi çıxış edib və dillə bağlı bir neçə mühüm aspektlərə toxunub. Bu aspektlərdən biri də Azərbaycan dilinin saflığının qorunması və dilimizdə yersiz alınma sözlərin işlədilməsidir.

Qeyd edir ki, “bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır”".

Onun sözlərinə görə, xarici kəlmələrin, alınmaların milli dilimizə daxil olması cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsir dairəsi ilə bağlıdır: "Beynəlxalq iqtisadi-siyasi əlaqələrin inkişafı, ölkə­mizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər dilin lüğət tərkibində, xüs­u­silə onun terminoloji bazasında yeni anlayışların yaranmasına səbəb olur. Ona görə də Azərbaycan dilinin tətbiqi işinin təkmilləşməsi, dövlət dili haqqında qanunun yerinə yetirilməsi istiqamətində mühüm işlər aparılır. İlham Əliyevin qeyd etdiyi kimi, “Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik.

Müasir dövrdə ölkəmizdə KİV-in fəaliyyətinin, eləcə də internetin cəmiyyətin bütün həyatına nüfuz etdiyi dövrdə həddən artıq alınmaların qarşısının alınması üçün terminoloji sahəyə nəzarət gücləndirilir. Çünki elmin, texnikanın, ictimai həyatın müxtəlif sahələrində terminoloji alınmalar müxtəlif dillər hesabına yaradılır. Lakin dildə zərurətdən işlənən beynəlxalq leksika dilin lüğət tərkibinə keçərək dili zənginləşdirirsə, dilin daxilində olan kəlmələr əvəzinə alınmaların işlənməsi dilin inkişafına mənfi təsir edir".

Sayalı Sadıqova vurğulayıb ki, elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər salınaraq onun daxili imkan­larından səmərəli istifadə edilir: "Hazırda elmin müxtəlif sahələrində dilin daxili imkanları hesabına termin yaradıcılığı prosesi daha da artmışdır. Bunun üçün Azər­baycan dilinin geniş funksional imkanları vardır və dilin daxili imkanları əsasında yaranan terminlər terminoloji bazanın əsas hissəsini təşkil edir. Vaxtilə arxaizm və tarixizm adlandırılan külli miqdarda termin-söz dilə qayıtmış, dilin lüğət tərkibində möhkəmlənmişdir. Məsələn, çavuş, alay, yüzbaşı, gizir, taqım, cihad, soyqırım, ulus, icarə və s. Müasir dövrdə dilin daxili imkanları əsasında terminlər yaradılan zaman aşağıdakı istiqamətlər nəzərə alınır: dilin lüğət tərkibindəki ümumişlək sözlərin termin­ləşməsi; dialekt və şivələrdə işlənən, anlayışı dəqiq ifadə edən sözün seçilib terminləşməsi; qədim abidələrdə peşə, sənətkarlıqla bağlı anlayışları ifadə edən sözlərin terminləşməsi; ədəbi dilin söz yaradıcılığı üsullarından istifadə etməklə terminlərin yaranması".

Professor xalq dilinin zəngin söz ehtiyatının termin yaradıcılığının əsas mənbəyi olduğunu vurğulayıb: "Ədəbi dildə işlənən və ümumxalq dilindən gələn çimərlik, alış­qan, asılqan, tutqac, sayğac, tıxac, nəfəslik kimi ter­minlərin sayı get-gedə artır. Ümumxalq dilinin zəngin söz xəzinəsində olan tələffüzü asan, ahəngdar sözləri götürüb onlardan termin yaradıcılığında istifadə etmək ən səmərəli yoldur. Dildə yeni anlayışların adlandırılmasında xalq dilinin əsas mən­bə, tükənməz məxəz ol­duğu unudulma­malıdır. Dialektlərdə müxtəlif təsərrüfat sahələrinə aid olan zəngin söz ehtiyatı vardır. Lakin hələ də dialekt və şivələrimizdə, ümumxalq da­nışıq dilində işlənən çoxlu söz lüğətlərdə öz əksini tapmamışdır. Məsələn: insolyasiya yerinə - gün vurma, tur yerinə - dağ keçisi, vəhşi öküz; ot yerləri yerinə - örüş; dağ düzənliyi sahələri yerinə - yaylım; kanareyka yerinə - sarıbülbül işlətmək mümkündür. İlham Əliyevin qeyd etdiyi kimi “Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən”. İlham Əliyevin çıxışında son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi, dilin saflığının qorunması xüsusi narahatlıq doğuran məsələ kimi qeyd edilir: “Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”. Burada ölkə prezidenti İlham Əliyevin çıxışında ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi, yalnız ölkəmizdə deyil, bütün türk dilləri arasında nüfuzunun yüksəlməsi əsas məsələ kimi önə çəkilir. Azərbaycan dilinin inkişafında dilin daxili imkanları əsas mənbə hesab edilərək ən mürəkkəb fikirlər ifadə olunur. Azərbaycan dilinin inkişafı ilə bağlı yeni sözlərin yaranması təbiidir. Lakin ana dili sözlərinin alınmalarla əvəz olunması təhlükəlidir. Anlaşılmayan bir çox alınmaların yerli-yersiz dilimizdə geniş işlənməsi, reklam olunması qəbuledilməzdir".

Sayalı Sadıqova, həmçinin, qeyd edib ki, hazırda Azərbaycan dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir: "İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal kommunikasiya mühitinin genişlənməsi, xüsusilə internet, sosial şəbəkələr insanların gündəlik ünsiyyətini köklü şəkildə dəyişmiş, yazı və nitq formalarına yeni dinamika gətirmişdir. Bu prosesdə sosial şəbəkə dilə sürət, qısalıq və ekspressivlik üzərində qurulan daha çevik, qeyri-formal kommunikasiya formalarını təqdim edir. Beynəlxalq ingilis dilinin təsiri ilə yeni hibrid yazı modelləri meydana çıxır.

Sosial şəbəkədə dilin ən səciyyəvi xüsusiyyətlərindən biri olan ixtisar, sadələşmə və səs qənaəti kimi proseslər ədəbi dilin normalarına təsir edir. Ədəbi dil isə sabit norma üzərində qurulan sistemdir. Sosial şəbəkə isə dilin dinamik inkişafı, impulsiv şəkildə baş verən formalar kommunikasiya mühitində qarşılıqlı təsir mexanizmi yaradır. Ədəbi dil sosial dilin formalarını süzgəcdən keçirərək normalara uyğun olanı qəbul edir və dilin təkamülünün özəyini təşkil edir. Lakin sosial şəbəkədə işlənən ixtisarlar ədəbi norma sayılmır və dil normalarını pozur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm.

Prezident İlham Əliyevin çağırışı, çıxışında qoyduğu problemlərin aradan qaldırılması ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir. Dövlət dilinin tətbiq olunduğu müxtəlif sahələr­də – televiziya, radio və internet məka­nında, çap və elektron mediada, eləcə də reklamlar və dublyaj filmlərində ədəbi dil normaları düzgün tətbiq olunmalıdır. Belə şəraitdə dilin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi mühüm vəzifələrdən hesab edilir. Ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində dəyişmələrə səbəb olur. Bu nəzərə alınaraq müstəqillik illərində Avropa dillərindən Azərbaycan dilinə daxil olan alınmalar dilimizin tələblərinə uyğunlaşdırılaraq qəbul edilir və terminlərin izahlı lüğətini hazırlamaq üçün Azərbaycan dilində orfoqrafiya prinsipləri təkmilləşdirilir. Bununla yanaşı dildə yaranan terminləri vahid mərkəzə toplamaq, elmin-texnikanın müxtəlif sahələrində çalışanlara terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini o, cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etmək üçün elektron terminoloji baza yaradılmalıdır".

O bildirib ki, Prezident İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir: "Dil və milləti qarşılıqlı əlaqədə götürən, dili onun varlığının əsas göstəricilərindən biri hesab edən Azərbaycanın dahi rəhbəri öz praktik fəaliyyəti ilə elmi-pedaqoji mühitdə Azərbaycan dilinin tətbiqi məsələlərini strateji məqsədlərdən hesab edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR