“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə keçmiş baş meneceri Avşar Gürdal Şərqi Avropa regionu üzrə prezident təyin edilib.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.
Məlumata görə, o, sentyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.
Avşar Gürdal yeni vəzifəsində “Mastercard”ın Şərqi Avropadakı 12 ölkədə fəaliyyətinə rəhbərlik edəcək. O, region üzrə biznes strategiyasının formalaşdırılması və həyata keçirilməsi, inkişaf prioritetlərinin reallaşdırılması, müştərilər və biznes tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin ödəniş texnologiyaları sahəsində innovativ həllərin tətbiqinin genişləndirilməsinə cavabdeh olacaq.
Gürdal bundan əvvəl “Mastercard”ın Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə Strategiya, Birləşmə və Satınalmalar, Risk və Analitika üzrə baş vitse-prezidenti vəzifəsində çalışıb.
O, “Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş meneceri olduğu dövrdə şirkətin hər iki bazarda strateji prioritetlərinin həyata keçirilməsinə, rəqəmsal ödəniş həllərinin genişləndirilməsinə və Azərbaycanda nağdsız ödəniş ekosisteminin inkişafına rəhbərlik edib.
Qeyd edək ki, Avşar Gürdal karyerasına “Unilever”də başlayıb, daha sonra PRG və “Value Partners” şirkətlərində çalışıb. O, 2015-ci ildə “Mastercard Advisors”a qoşulub, 2016-cı ildə Müştəri Münasibətlərinin İdarə Edilməsi üzrə direktor, 2019-cu ildə isə “Mastercard” Türkiyə üzrə vitse-prezident təyin olunub. 2022-ci ildə Türkiyə və Azərbaycan üzrə baş menecer vəzifəsinə gətirilib.