Prokurorluq Gəncədə ekoloji hüquqpozmalarla bağlı konfrans və “Açıq qapı” günü keçirib - FOTO - YENİLƏNİB

Prokurorluq Gəncədə ekoloji hüquqpozmalarla bağlı konfrans və “Açıq qapı” günü keçirib - FOTO  - YENİLƏNİB
# 30 may 2024 13:19 (UTC +04:00)

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, mayın 30-da Gəncədə «Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfrans keçirilib.

APA xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Daha sonra isə iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərdə yerləşən Heydər Əliyev adına parkda ağaclar əkib.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Baş Prokurorun müavini Heydər Məmmədov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsusi önəm verildiyini qeyd edib.
Heydər Məmmədov çıxış zamanı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə respublika ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyini vurğulayıb.
Konfrans zamanı çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Gəncə şəhəri ərazisində də davam etdirildiyini qeyd edib.
Konfransda aktual mövzular üzrə çıxışlar edildikdən sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında “Yaşıl dünya naminə” səmərəli müzakirələr aparılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Televiziyası tərəfindən ərsəyə gətirilmiş “Azərbaycanın ekoloji siyasəti” adlı sənədli film izlənilib.
Sonda xatirə fotoşəkli çəkilib.

***

10.10

Prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, mayın 30-da Gəncə şəhər prokurorluğunun inzibati binasında “Açıq qapı” günü keçirilir.

APA nın yerli bürosunun məlumatına görə, tədbirdə media və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə gənclər iştirak edir.

Tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, prokurorluğun tarixi keçmişi ilə ictimaiyyəti tanış etmək olub.

Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Gəncə şəhər prokuroru Azad Qarayev qonaqları salamlayaraq, şəhər prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının ictimaiyyətlər əlaqələr sahəsi üzrə fəaliyyətinə toxunub, regional media və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səmərələri əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbir zamanı şəhər prokurorluğunun bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışılıb.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR