Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının  qalibləri məlum olub - FOTO - VİDEO

Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının  qalibləri məlum olub - FOTO  - VİDEO
# 13 may 2022 15:01 (UTC +04:00)

Mayın 13-də Qəbələ rayonunda “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışlarının zona birinciliyinin final mərhələsi təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirdə əsas məqsəd şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, onlarda şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması, eləcə də hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğ edilməsidir.

Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonundakı Şimal-Qərb Regional Mərkəzində keçirilən yarışda dövlət himni səsləndirilib. Regional mərkəzin rəisi, polkovnik Sadiq Bəkirli, Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəis müavini Müşviq Abbasov çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzu edib. Ssonr komandaların tribuna önündən təntənəli şəkildə keçidi olub və yarışlara start verilib. Zona yarışında Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ümumtəhsil məktəbləri arasında keçirilmiş rayon birinciliyinin qalibi olan komandalar güclərini sınayıb. Yarış yanğın estafeti, maneələr zolağı və komandaların təqdimatı müsabiqələri üzrə keçirilib.

Gərgin mübarizə şəraitində keçən yarışda Qəbələ rayon komandası birinci, İsmayıllı rayon komandası ikinci, Qobustan rayon komandası üçüncü yerə layiq görülüb. Sonda yarışda fərqlənmiş komandalar kubok və diplomlarla təltif ediliblər.

Birinci yeri tutan komanda iyun ayında keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarının final mərhələsində iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR