Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında “Türktransplant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb.
APA xəbər verir ki, tədbirdə sənədin müasir zamanda transplantologiya sahəsinin bir çox ciddi xəstəliklərin müalicəsi problemlərini kökündən həll etməyə imkan verdiyini vurğulanıb.
Həmçinin, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra anlaşma memorandumlarının imzalanılması baş tutub.
Sənədlər tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.
***
12.01
Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlər səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaradır.
APA xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında çıxışında deyib.
Nazir bildirib ki, bu ilin aprel ayında Qırğız Respublikası Prezidentinin Azərbaycana rəsmi dövlət səfəri çərçivəsində iki ölkənin Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
T. Musayev deyib ki, bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlərin və "Türktransplant" sisteminin yaradılmasına dair niyyət protokolunun imzalanmasına şahidlik edəcəyik: “TDT-na üzv və müşahidəçi ölkələrinin Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”.
Qeyd olunub ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir: “Bu istiqamətdə də birgə reallaşdırmalı olduğumuz çoxsaylı imkanlar mövcuddur”.