Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinə dair tələblər məlum olub

Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinə dair tələblər məlum olub
# 16 oktyabr 2024 11:01 (UTC +04:00)

Qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından (qurumlarından), fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminə daxil edəcək.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 5 (beş) iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə işin təşkili ilə əlaqədar icraçılar aşağıdakılara riayət etməlidirlər:

- şəxslərə və yaxınlıqda yerləşən obyektiərə, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin görülməsi,

- təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin tətbiqi, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın şəkildə işarələnməsi;

- minatəmizləyənlər, mexaniki vasitələr (mexaniki minatəmizləmə maşınları, xüsusi təyinatlı texnikalar və s.) və minatəmizləmə fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması;

- təhlükəli ərazilərdən kənarda zəruri dəstəyin (əməliyyatların icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası, nəqliyyat vasitələrinin duracağı və s.) təşkili;

- təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın təşkili.

İcraçı fəaliyyət planına uyğun olaraq ona həvalə edilmiş təhlükəli ərazilər üzrə minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminin məlumat bazasının məlumatlarından istifadə etməklə qeyri-texniki tədqiqat aparacaq və onun nəticələri əsasında müvafiq ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan texniki tədqiqat planını tərtib edəcək və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edəcək. İcraçı göstərilən texniki tədqiqat planının icrası nəticələrinə uyğun olaraq hazırlanmış hesabat əsasında təmizləmə planı tərtib edəcək və səlahiyyətli qurumla razılaşdırılmaqla icra edəcək. Texniki tədqiqat və təmizləmə qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş və müvafiq sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə yetiriləcək. Aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq həyata keçirilməlidir. Partlayıcı sursatların zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün olmadıqda onlar həmin ərazidə məhv edilməlidir. Zərərsizləşdirilmiş və yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə məhv edilməlidir.

Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tələblərə uyğun olaraq azı 3 iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır. Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onun əsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verilməlidir.

Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidə işlər dayandırılmalı və əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilməlidir.

Minatəmizləmə fəaliyyəti zamanı insan meyiti (meyit hissələri) və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərtilə icraçı tərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada məlumat verilməlidir. Minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zaman aşkar edilmiş partlayıcı sursatlar barədə məlumatlar minatəmizləmə fəaliyyətinə dair informasiya sisteminə daxil edilməlidir. Səlahiyyətli qurum tərəfindən təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti fəaliyyət planı əsasında həyata keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR