Ukraynada xeyli sayda saxta əlillik aşkar edilib

Ukraynada xeyli sayda saxta əlillik aşkar edilib
# 31 oktyabr 2024 17:18 (UTC +04:00)

Son günlər araşdırmalar nəticəsində Ukraynada xeyli sayda əlillik təyinatlarının saxta, əsassız olaraq həyata keçirilməsinin aşkar olunması əsl skandal yaradıb. Bu məsələ hətta ölkənin prezidenti səviyyəsində ciddi müzakirə olunub.

Ən çox diqqət cəlb edən isə saxta əlillik alaraq dövlət büdcəsindən vəsait oğurlayanların sırasında elə dövlət qurumlarında, hüquq mühafizə, prokurorluq orqanlarında çalışan çox sayda məmurun, vəzifəli şəxsin olmasıdır.

Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının ayrıca bir iclası məhz dövlət məmurlarının saxta əlilliyi ilə bağlı məsələyə həsr edilib. Zelenski məmurlar arasında da yüzlərlə əsassız əlillik faktlarının aşkar olunduğunu deyib.

Prezident Teleqram kanalında qeyd edib ki, əlil statusu almaq üçün sənədlərin saxtalaşdırılması, o cümlədən dövlət idarələrində çalışan işçilər tərəfindən öz ehtiyacları üçün bunların edilməsi Ukraynada problemə çevrilib və mövcud tibbi komissiyalar sistemi aradan qaldırılmalıdır.

Əsassız əlillik təyinatları nəticəsində Ukrayna büdcəsindən vəsaitlərin qanunsuz istiqamətdə axıdılması ölkədə böyük narahatlıq yaradıb. Hazırda da Ukraynada saxta əlilliklərin aşkar edilərək ifşa olunması ilə bağlı yoxlamalar davam edir, cinayət işləri açılır.

Oktyabrın əvvəlində saxta tibbi arayışlar yazdığı müəyyən olunan Xmelnitski tibbi-sosial ekspertiza xidmətinin rəhbərinin evində aparılan axtarışın video görüntüləri böyük səs-küyə səbəb olub. Onun evindən 5,2 milyon dollar, 300 min avro, 5 milyondan çox qrivna, zinət əşyaları və çirkli pulların yuyulmasına dair sübutlar tapılıb.

Ukraynanın prokurorluq sistemində də bu sahədə çoxlu biabırçı sui-istifadə faktları aşkar edilib. Məsələn, oktyabrın 16-da məlum olub ki, Xmelnitski Vilayət Prokurorluğunun 61 əməkdaşı qanunsuz olaraq əlillik alıb. Qeyd edək ki, Ukraynanın prokurorluq sistemində baş verən saxta əlillik hallarına görə Ukraynanın baş prokuroru Andrey Kostin istefa verdiyini açıqlayıb.

V.Zelenski əlillik təyinatı məsələlərinə diqqətlə və operativ yanaşılmalı olduğunu, əlilliyin qiymətləndirilməsi proseslərinin tam rəqəmsallaşdırılmasını tapşırıb. Çünki prosesin şəffaflaşdırılması üçün ən optimal yol həmin sistemin elektron infrastrukturunun qurulmasıdır.

Qeyd edək ki, son illər Azərbaycanda əlilliyin qiymətləndirilməsi sahəsində mühüm islahatlar aparılıb. Bu mövzuda iqtisadçı ekspert Aslan Əzimzadə bildirib ki, müasir şəraitdə dünyanın siyasi konyukturunun dəyişməsi nəticəsində baş verən müharibələr və siyasi münaqişələr ölkələrin sosial siyasətinə də ciddi şəkildə öz təsirini göstərməkdədir:

“Bu təsiri təhlil etdiyimiz zaman görürük ki, heç də bütün ölkələrdə sözügedən çağırışlara qarşı adaptiv mexanizm sistemi yaradılmır və qabaqlayıcı sosial siyasət formalaşmır. Sözügedən faktoru Rusiya-Ukrayna münaqişəsi kontekstində analiz etdiyimiz zaman açıq şəkildə müşahidə edirik ki, bu münaqişə Ukrayna əhalisinin sosial-iqtisadi rifahına mənfi təsir etməsi ilə paralel olaraq Ukraynanın sosial siyasətində də ciddi problemlərin olması amilini ortaya qoydu. Belə ki, hadisələr fonunda Ukraynada saxta əlillik faktları yüksək dərəcədə aşkar olunub ki, bu da həmin ölkənin sosial siyasətində ciddi problemlərin formalaşmasını şərtləndirməkdədir. Ukraynada kritik həddə çatan saxta əlillik bir tərəfdən dövlət büdcəsi vəsaitində digər tərəfdən isə sosial müdafiə sistemində disproporsionallığın dərinləşməsinə səbəb olmaqdadır. Bu kimi amillər ölkədə sosial ədalət prinsipinin qorunmasına da öz mənfi təsirini göstərməkdədir. Nəticə etibarilə sözügedən problemin formalaşdırdığı qeyri-mütənasib faktorlar Ukrayna siyasi rəhbərliyinin çıxışlarında da səsləndirilməsi məsələnin həmin ölkənin siyasi gündəmində də olduğunu deməyə imkan yaradır”.

O deyib ki, sosial siyasət yalnız qabaqlayıcı, mütərrəqi və innovativ olduğu zaman effektiv ola bilər:

“Məhz bu müstəvidə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda 2018-ci ildən sosial idarəetmə sistemində reallaşdırılmış çoxşaxəli struktur islahatlar ölkənin sosial siyasətini və əhalinin sosial-iqtisadi rifahını geosiyasi gərginliyin yarada biləcəyi qeyri-proporsional problemlərə qarşı qoruyub. Xüsusən də bu kontekstdə əlilliyin təyin olunması məsələsi ön planda olduğu üçün qeyd etmək lazımdır ki, son 6 il ərzində Azərbaycanda sosial müdafiə sistemində idarəetmənin təkmilləşdirilməsi və şəffaflaşdırılma işlərinin aparılması birmənalı olaraq əlilliyin təyin olunması prosesində öz yüksək nəticələrini verib. Əlilliyin təyin olunması prosesinin tamamilə rəqəmsallaşması nəticəsində formalaşmış innovativ idarəetmə mexanizmi birbaşa olaraq yarana biləcək bütün neqativ halların qarşısını bloklamaqdadır. Qeyd olunan islahatlar çərçivəsində Azərbaycanda dövlət büdcəsinin vəsaitinin qanunsuz axının qarşısı alınıb və bunun nəticəsində dövlət büdcəsində sosial xərclərin həcmi önəmli dərəcədə artıb. Ölkədə effektiv və qabaqlayıcı sosial siyasətin məntiqi təzahürünü rəqəmlər ilə ifadə etsək görərik ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 36.4 min şəxsə əlillik təyin edilib ki, onlardan 18,3 mini ilkin, 18,1 mini isə təkrar əlillik təyinatıdır. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub. Digər tərəfdən cari ilin 9 ayında Agentlik tərəfindən 91.6 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Belə ki, onlardan 48,3 mininə ambulator, 22,6 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib”.

“Bütün bu faktorlar Azərbaycanda 2018-ci ildən etibarən formalaşdırılmış effektiv sosial siyasətin uğurluluğunu, dayanıqlılığını və yüksək trendlə inkişafını şərtləndirən magistral istiqamətlərdir. Zənnimcə, Azərbaycanın mütərəqqi və innovativ sosial siyasəti təcrübəsindən bu gün dünya ölkələrin istifadə etməsinə ehtiyac vardır”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR