Bank Of Baku

Uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını həyata keçirəcək orqan müəyyənləşir

Uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını həyata keçirəcək orqan müəyyənləşir
# 10 dekabr 2024 12:31 (UTC +04:00)

Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Ailə Məcəlləsinə uyğun olaraq

yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya həyata keçirəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, komissiya təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqinin aparılmasını təmin edəcək.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, ölkəmizdə 17 yaşadək uşaqların sayı 2 milyon 634 min nəfər təşkil edir və əhali artımı ildə 100 min nəfər baş verir: "Bölgə xalqları içərisində dinamikada ölkəmiz öndədir. Lakin 2024-25 ci illərdə 1-ci sinfə qəbul olunan uşaqların sayı 132 min nəfər təşkil edib ki, əvvəlki ilə müqayisədə 5 min uşaq azalma var. Lakin Hökumətin sahə ilə bağlı müvafiq qurumları ilə birgə müzakirə apararaq, tendensiyanı daha düzgün qiymətləndirmək olar. Başlıcası, Katiblik müvafiq Dövlət Komitəsi yanında yaradılır. Yerli icra hakimiyyəti yanında 2 nəfər-psixoloq və məsul katibin, o cümlədən qəyyumluq və himayəçilik üzrə məsul şəxslərin fəaliyyətinin gələcəkdə vahid qurumda birləşdirilməsi dövlət siyasətinin vahidliyi baxımından əhəmiyyət kəsb edir. O ki, qaldı uşaqların mənəvi formalaşması, psixoloji dayanıqlığı, ailə, məktəb və cəmiyyət həyatında kamil insan kimi yetişməsi ilə bağlı onu demək olar ki, həqiqətən müasir kommunikasiya inqilabı şəraitində övladlarımızın sabahını qurmaq üçün daha böyük resurslar tələb olunur. Parlament uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun qəbul edib. Ailə institutun gözdən salınması, milli qəhrəmanlarımızın uşaqların dünyasında və təfəkküründə özünə qalıcı yer qazanması və digər məsələlər təkcə hüquqi aktlarda deyil, bütün dövlət qurumlarının fəaliyyətində əsas yer tutur. Bir çox ölkələr uşaqların yad məlumat kütləsindən qorunması üçün müxtəlif süzgəclər tətbiq edir, məktəblərdə informasiyaya çıxışın kontentini, konkret çərçivəsini yaradır. Ona görə də məlum terminlə desək, “beyin köçü” təkcə elmi kadrların ölkədən kütləvi gedişini özündə ehtiva etmir, eləcə də o gerçəkliyi üzə çıxarır ki, beyin köçü ölkədən getmədən də baş verə bilər. Ona görə uşaqlarımızın gələcəyini milli ideallarımıza uyğun qurmaq istəyiriksə, qanun layihəsini inkişaf etdirərək Komitənin səlahiyyətlərini genişləndirmək, onları dövlət siyasətinin miqyas və əhatə dairəsini artırmaq ən yaxşı yollardan biri ola bilər”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR