Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 500-dək şəxs müraciət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsəd şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələr üzrə 7 quruma aid 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsidir. Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:
• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 61 müraciət;
• Müdafiə Nazirliyi üzrə 265 müraciət;
• Səhiyyə Nazirliyi üzrə 16 müraciət;
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 33 müraciət;
• Yerli icra hakimiyyəti orqanları üzrə 38 müraciət;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 13 müraciət;
• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 70 müraciət.
Aidiyyəti qurumların nümayəndələri tərəfindən müraciətlər qəbul edilərək, əlaqələndirilmiş şəkildə baxılmaqla operativ qaydada xidmətlər göstərilib.