Bakı-APA. ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı CÇM-də baxış - monitorinq və təlim həyata keçirilib. APA-nın məlumatına görə, monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Müəssisənin daxilində təmir və yenilənmə işləri görülüb. Ötən monitorinqin nəticələri ilə müqayisədə müəssisədə saxlanma şəraiti yaxşılaşdırılıb. Lakin müəssisəyə gedən yol keçilməz vəziyyətdədir. Yolun bu vəziyyətdə olması həm məhkum valideynləri, həm də gündəlik bu yolu getməli olan müəssisə əməkdaşları üçün böyük çətinlik yaradır. Bu yolun əsaslı təmirinə ciddi ehtiyyac vardır.
Monitorinq zamanı bir neçə məhkumla konfidensial görüş keçirilib. Məhkumlar tərəfindən pis rəftar və işgəncə halları ilə bağlı heç bir şikayət daxil olmayıb.
Eyni zamanda müəssisədə məhkumlar üçün “Məhkumların müraciət və şikayət etmə hüququ” mövzusunda təlim keçirilib. Təlimdə 200-ə qədər nəfər məhkum iştirak edib. Təqdimatla çıxış edən Əliməmməd Nuriyev iştirakçılara milli qanunvericilik və beynəlxalq sənədlərdə nəzərdə tutulan müraciət və şikayətlərin edilməsi, onların yoxlanılması və baxılması ilə əlaqədar ətraflı məlumat verdikdən sonra müzakirələr aparılıb, məhkumların bir çox sualları cavablandırılıb.