Bakı. Gülnar Bəşirova – APA. Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulunun avqustun 15-də bitəcəyi gözlənilsə də, müddət 1 gün uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, 9 illik bazadan orta ixtisas məktəblərinə də sənəd qəbulu avqustun 16-da, saat 11:00-da yekunlaşacaq. Onun sözlərinə görə, bu vaxta kimi 38 430 nəfər sənəd verib. Onlardan 37 473 nəfəri Azərbaycan, 957 nəfəri isə rus bölməsinin məzunlarıdır.
Qeyd edək ki, ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu iyulun 17-dən avqustun 16-dək internet vasitəsilə aparılır. Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək.