Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda ianələr necə verilə bilər?” kitabının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, kitabı hazırlayan İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq elmləri namizədi İradə Cavadova kitabın hüquqi və fiziki şəxslər üçün əhəmiyyətindən danışaraq, bununla bağlı qanunvericilikdə olan boşluqlara toxunub. O deyib ki, ianə verən şəxs, yaxud təşkilat, ianə ödənişlərinin necə rəsmiləşdirəcəyində maraqlıdır: “Əldə olunan vəsaitin hara xərcləndiyini göstərmək, digər tərəfdən ianə alan QHT-nin bu ianələri hara və necə xərcləndiyini bilmək, pozuntu hallarında müvafiq hüquqi mexanizmlərə əl atmaq ianəçilərin maraq dairəsindədir. Məhz bu kitabda bu kimi suallara cavab tapmaq mümkün olacaq”.
İ. Cavadova özəl sektorun - sahibkarların ictimai qurumlara ianə verməsində son illər ortaya çıxan problemlərə də toxunub. Onun sözlərinə görə, Azərbaycanda xeyriyyəçilik ənənəsi unudulmaqdadır. Buna səbəb isə sahibkarın sonradan hökumət qurumları tərəfindən yarada biləcəyi problemlərdən çəkinməsidir.
Qeyri-Kommersiya Hüquqi üzrə Beynəlxalq Mərkəzinin məsləhətçisi Məhəmməd Quluzadə kitabın Azərbaycanda bu sahədə ilk vəsait olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə kitabın müddəaları ətrafında müzakirələr və praktik olaraq bu sahədə qarşıya çıxan problemlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, kitab 24 müddəadan ibarətdir. Burada ianələrin qanuni tənzimlənməsi ilə yanaşı, bu istiqamətdə müqavilə və digər sənədləşmə nümunələri də yer alıb.