APA-nın məlumatına görə, jurnalda son dövrdə paytaxtda inşa olunan müasir binalardan söhbət açılır, onların Bakının arxitekturasına bir özünəməxsusluq gətirdiyi və qədim tarixi olan Bakıya yeni nəfəs verdiyi bildirilir.
Bakının yeni ən möhtəşəm tikililərinin beşliyini tərtib edən jurnalda birinci yerdə Heydər Əliyev Mərkəzinin binası barədə məlumat verilir. Bu qeyri-adi quruluşlu binanın inşasının beş il davam etdiyi və 2012-ci ildə başa çatdığı diqqətə çatdırılır. Jurnalın qeyd etdiyinə görə, müasir dövrün ən tanınmış qadın memarı, Pritzker mükafatının (memarlıq sahəsində Nobel mükafatının analoqu sayılır) sahibi Zaha Hadidin müəllifi olduğu binanın ucaldılması ilə Bakı gələcəyin meqapolisləri sırasına daxil olub. “Baku” jurnalının tərtib etdiyi beşliyə daxil olan son illərin digər tikililəri isə bunlardır: Port Baku, Müasir İncəsənət Muzeyi, Flame Towers, Bakı Kristal Zalı.
Qeyd edək ki, “Baku” jurnalı 2007-ci ildən rus dilində nəşr olunmağa başlayıb. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən “Baku” jurnalının ingilisdilli versiyası - “Baku İnternational” nəşr edilməyə başlayıb.