Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyində “Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri” mövzusunda Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatların müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə məruzə ilə çıxış edən Təhsil Problemləri İnstitutunun Məktəbəqədər təhsilin kurrikulumu şöbəsinin müdiri Laləzar Cəfərova mövzu üzrə aparılmış araşdırmaların nəticələrini nəzərə çatdırıb. O, beşyaşlıların təhsilə hazırlanmasının təmin olunması üçün məktəblərin müvafiq ləvazimatlar, əyani vəsait və didaktik materiallarla təchiz olunma vəziyyəti barədə məlumat verib.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək respublikada məktəbəqədər təhsilin real vəziyyəti, əsas problemlər və bu sahə ilə bağlı həlli vacib olan məsələlər haqqında danışıb. Nazir məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailələrdə uşaqlarla aparılan təlim-tərbiyə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məhz məktəbəqədər yaş dövrünün uşağın psixi inkişafı və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığına diqqət çəkən M.Mərdanov bu səbəbdən dünyanın əksər ölkələrində məktəbəqədər təhsil müəssisələrinin inkişafına xüsusi diqqət yetirildiyini söyləyib. Təhsil naziri məktəbəqədər təhsillə bağlı bir sıra qabaqcıl ölkələrin təcrübəsindən söz açıb və bu təcrübədən yararlanmağın zəruriliyini bildirib.