Bank Of Baku

“Biz ona sitayiş edirdik...” - Heydər Əliyevin bacısı - FOTO

“Biz ona sitayiş edirdik...” - Heydər Əliyevin bacısı - <span style="color: red;">FOTO
# 06 may 2013 10:49 (UTC +04:00)

Mənim böyük qardaşım, xeyirxah və həssas müəllimim, həyatda əsas dayağım olmuş Heydər haqqında yazmaq mənim üçün həm asandır, həm də çox çətin. Ona görə asandır ki, o, mənə çox yaxın adam olmuşdur. Heydər və onun qeyri-adi taleyi haqqında məlumatım o qədər çoxdur ki, bu mövzuda saatlarla danışa bilərəm. Elə bu səbəbdən də çətindir: bu qeydlərimdə saysız-hesabsız süjetlərdən, acılı-şirinli xatirələrdən onun xarakterinin müxtəlif cəhətlərini, Heydər şəxsiyyətinin nadir xüsusiyyətlərini daha yaxşı səciyyələndirən əsas məqamları necə seçməli, onun öz yaxınlarına və doğmalarına səmimi və həssas münasibətinin bənzərsiz aurasını necə əks etdirməli?

 

...Heydər hələ balacalığından unikal uşaq idi, həmişə diqqət mərkəzində olurdu, hamı onu sevir, əzizləyir, az qala ona sitayiş edirdi. Bizim böyük ailəmizdə uşaqların hamısını çox sevən anam Heydəri xüsusi fərqləndirir, onunla fəxr edir, biz balacalara onu nümunə göstərirdi. Anamın Heydərə bu cür münasibəti bizdə qısqanclıq doğurmur, əksinə, bu hisslər avtomatik olaraq bizə də sirayət edirdi. Biz qardaşıma sitayiş edirdik.

 

Düzdür, şəraitimiz təmtəraqdan uzaq idi, amma bizim evimizdə mənəvi rahatlıq, səmimiyyət vardı. Evimizi insan nəfəsi qızdırırdı. Naxçıvanda qış ayları bəzən çox soyuq keçirdi, məişət şəraitimiz də o qədər asan deyildi, amma bizim ailədə həmişə nikbinlik, əməksevərlik, mübarizə və nəhayət, sevgi ab-havası hökm sürürdü.

 

Uşaqlara qulluq etmək və onların tərbiyəsi ilə bağlı qayğılar əsasən anamın üzərinə düşürdü, çünki atam çox işləyirdi. Buna baxmayaraq, uşaqların tərbiyəsi məsələsi valideynlərimizin ən birinci ümumi maraq dairəsi, ailəni möhkəm tellərlə bağlayan bir element idi.

 

...Yaşadığımız ev o qədər də böyük deyildi, amma dərslərimizlə məşğul olmağa və dostcasına söhbət etməyə həmişə yer tapırdıq. Bir qayda olaraq, hər gün saat 5-də hamımız çay süfrəsi arxasında toplaşır, maraqlı söhbətlər edirdik. Heydər çoxlu mütaliə edirdi, teatr sənəti ilə, rəssamlıqla maraqlanırdı, hərtərəfli istedadlı gənc idi. Buna görə onunla ünsiyyətdə olmaq adama ləzzət verirdi.

 

1943-cü ildə atam vəfat edəndən sonra Heydər bizim ailənin başçısı oldu. O, demək olar ki, özünə pul xərcləmir, bütün məvacibini anama verirdi. Naxçıvanın yaşlı sakinlərinin çoxu xatırlayır ki, Heydər o vaxt hələ çox gənc olduğuna baxmayaraq son dərəcə ciddi, təmkinli olması ilə fərqlənirdi. Buna görə də onunla münasibətlərdə artıq hərəkətlərə yol vermək hər kəsin hünəri deyildi.

 

O vaxtlar evlərin qapılarında zəng əvəzinə bizim tərəflərdə “taqqılbab” deyilən qapı sürgüsü olardı. Qardaşım işdən evə qayıdanda qapını “taqqılbab”la özünəməxsus tərzdə döyürdü. Hamı bilirdi ki, bu gələn Heydərdi, dərhal həyətdəki bütün uşaqlar özlərini yığışdırırdı. Qardaşım “NKVD”-də (Xalq Daxili İşlər Komissarlığında) işləməyə başlayanda özünü elə aparırdı ki, hətta milisionerlər də ondan çəkinirdilər. Onlar Heydəri görən kimi özlərini səliqəyə salırdılar.

 

Amma ailə üzvlərinin və yaxın dostlarının əhatəsində bu rəsmiyyət azalırdı. Belə anlarda qardaşım zəngin yumor hissinə malik olan, hazırcavab, ürəkdən gülməyi bacaran bir adam, bir sözlə ən xoşagələn müsahib olurdu. Onun şən, mavi gözləri isə sanki qığılcım saçırdı. Qardaşım yaşca məndən xeyli böyük idi. Adətən, aralarında bu cür yaş fərqi olan adamların münasibətlərində sanki uçurum yaranır. Amma biz bir-birimizlə həmişə çox yaxşı ünsiyyət saxlayırdıq. Tez-tez ədəbiyyata aid söhbətlər edirdik. Bu halda o, mənim üçün həmişə böyük qardaş olaraq qalırdı. Qardaşım çox təmiz ürəkli, ağıllı və bilikli insan idi. O bizim inkişafımıza güclü təsir göstərmiş, bizim üçün yeni üfüqlər açmışdır. Hansı mövzuda danışsaydı, bütün söhbətləri bizim üçün maraqlı və cəlbedici idi.

 

Sonra Heydəri Bakıda işləməyə göndərdilər. Evlənəndən sonra anamı və məni də paytaxta apardı. Biz bir müddət Heydər və onun gənc xanımı Zərifə xanım  ilə bir mənzildə yaşadıq. Darısqallıq idi, amma aramızda heç vaxt münaqişə olmamışdı. Qardaşım sözün tam mənasında mənə ata əvəzi olmuşdur. Atam həyatdan tez köçüb, amma mən ata sevgisindən, ata qayğısından məhrum olmamışam, çünki böyük qardaşımın güclü diqqətini daim öz üzərimdə hiss etmişəm. Mənim peşə seçməyimdə, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmağımda Heydər həlledici rol oynamışdır. O məni istiqamətləndirir, tələb edirdi ki, arxayınlaşmayım, öz üzərimdə işləməkdə davam edim, elm yolunda irəliləyim. Bizim uğurlarımıza görə fəxr edirdi, arzusu bu idi ki, ailədə bütün uşaqlar təhsilli olsunlar, cəmiyyətdə layiqli yer tutsunlar. İstəyirdi ki, bizi qiymətləndirsinlər, bizə hörmət etsinlər, amma bunu qardaşımızın hakimiyyət strukturlarında yüksək mövqe tutduğuna görə deyil, bizim özümüzə görə etsinlər.

 

Heydər mənim üçün həmişə örnək olmuşdur, ondan insaniyyət öyrənmişəm, adamlara diqqətli münasibəti, əməksevərliyi, təvazökarlığı və doğma yurdumuzu böyük məhəbbətlə sevməyi öyrənmişəm.

 

Heydər Moskvada işləməyə gedəndə biz onunla əlaqəni kəsmirdik, bayram günlərində onu və ailəsini təbrik edir, onlara qonaq gedirdik. Belə səfərlərdən biri xüsusilə yaddaqalan olmuşdur. Bu, qardaşım xəstələnib işdən çıxdığı vaxtda olmuşdu. 1989-cu il mayın 10-da mən, qızım Fəxriyyə və oğlum Rauf Heydərin yanına getdik. Mən Heydərin qayıtmasında israrlı idim, deyirdim ki, mənim və həyat yoldaşımın, Rafiqin ümumi fikrimiz belədir: millətin bu çətin günündə Heydər Əliyev öz xalqının yanında olmalıdır. Onu burada doğmaları, bütün varlığı ilə onu sevən adamlar gözləyirdi. Heydər Əliyevin qayıtmasını təkcə qardaşları və bacıları yox, bütün Azərbaycan xalqı gözləyirdi. Bunu sonrakı hadisələr də göstərdi. Zənnimcə, həmin bahar günündə, Heydərin ad günündə mən qardaşımın şübhələrini dağıtmağa, onun daha yaxşı günlərə inam və ümidini artırmağa müvəffəq oldum.

 

Onun Azərbaycana qayıdışı həm də Azərbaycan dövlətçiliyinin bərpasının başlanğıcı oldu. Heydər Əliyev öz titanik əməyi, dahi rəhbər istedadı, həqiqi liderlik keyfiyyəti sayəsində əvvəlcə Naxçıvanı, sonra isə bütün ölkəni parçalanmaq və tamam məhv olmaq təhlükəsindən xilas etmişdir. Mən onun xilaskarlıq missiyasına həmişə inanmışam., O böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun müqəddəs adı ölkəmizin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır. Bu da bir həqiqətdir ki, dahi şəxsiyyət Heydər Əliyev özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi naminə həsr etmişdir.

 

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. Heydər Əliyev fenomeni uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuşdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR