Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın illik hesabatı və dövlət qulluqçularının etik davranış məsələləri üzrə illik hesabatı” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli bildirib ki, hesabat dövründə Komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 23 müraciət daxil olub və bu müraciətlərdən 11-i aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət orqanlarına göndərilib. Daxil olan müraciətlərdən 7-nin əsassız olduğu müəyyən olunub. Bu müraciətlərdən 5-i Komissiyanın “Qaynar xətti”nə daxil olmuş müraciətlərdir. Daxil olan müraciətlərdən 2-si ilə bağlı müvafiq dövlət orqanına sorğu göndərilib və hazırda həmin müraciətlər üzrə araşdırma aparılır.
Ümumilikdə etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş 3 müraciət müsbət həll edilib. Daxil olan müraciətlərin çox hissəsi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 8-ci (insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) və 9-cu (mədəni davranış) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.
R.Məcidbəyli deyib ki, ötən il Komissiyaya dövlət qulluğuna qəbulla bağlı 6 müsabiqə və 10 müsahibə elan edilib. Müsabiqələrə ümumilikdə 101 dövlət orqanı üzrə 1227 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsabiqələrdə 7593 namizəd iştirak edib. Onlardan 1744 test imtahanı mərhələsindən uğurla keçərək müsahibə mərhələsinə buraxılıbdır. İndiyədək namizədlərdən 250 nəfəri müsahibdən uğurla keçib, 398 nəfəri vəzifəyə uyğun hesab edilməyib. 41 nəfər isə müsahibədə iştirak etməyib. Müsahibə mərhələsi başa çatan 24 dövlət orqanı üzrə müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri həmin dövlət orqanlarına göndərilib. Elan edilmiş müsahibələr üzrə isə 113 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin edilib.