Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, “İB” Club və “İlk Addımlar” layihəsinin dəstəyi ilə 26-28 iyul tarixlərində “Fəal gənclər şəbəkəsi” layihəsi keçiriləcək. Bu barədə APA-ya “İrəli” İctimai Birliyindən məlumat verilib.
Layihə müddətində təlimlər “İB” Clubun həmtəsisçisi Şəmsi Bayramzadə və Xəzər Universiteti İnternet İnstitutunun direktoru, “İlk Addımlar” layihəsinin rəhbəri Rəşad Əliyev tərəfindən keçiriləcək. 30 nəfər gəncin qatılacağı təlimlər 3 gün müddətində davam edəcək və layihə sonunda iştirakçılara diplomlar təqdim olunacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin fəallığının artırılması, sosial təşəbbüslərin layihə təkliflərinə çevrilməsi, şəbəkələşmə, internet mediadan səmərəli istifadə, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərilməsini təmin etməkdir.