Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin yekunlarına həsr edilmiş “Müstəqil Azərbaycan 20 il: Dövlət, Ailə, Qadın və Uşaq siyasəti” adlı kitabın təqdimatı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədri Hicran Hüseynova H. Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, H. Əliyev Azərbaycanı dönməz inkişaf yoluna çıxardıb, dövlətçiliyimizi və müstəqilliyimizi itirmək təhlükəsindən qurtarıb: “Onun apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycan dünya ictimaiyyətinin ayrılmaz bir hissəsinə çevrilib. Ulu öndər milli ideologiyanın formalaşmasında müstəsna xidmətə malikdir. O, elm və təhsilə də daim diqqət yetirirdi”.
H. Hüseynova H. Əliyevin komitənin inkişafındakı xidmətlərini də vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib ki, H. Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir: “Ulu öndər Azərbaycan xalqı üçün əbədi bir işıqdır. Çünki o bizim üçün müqəddəs və müstəqil Azərbaycan dövlətini yaradıb. Heydər Əliyev kimi şəxsiyyət hər bir xalqa qismət olmur”.
Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov isə çıxışında H. Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, neft strategiyasının inkişafındakı xidmətlərindən danışıb. Rektorun sözlərinə görə, akademiya hər zaman H. Əliyev irsini öyrənir və buna davam edəcək.
Digər çıxışçılar da H. Əliyev haqqında xatirələrini bölüşərək, onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.
Sonda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.