Bakı. Gülnar Bəşirova - APA. Bu gün 20 ölkənin nümayəndəsi “Univision” tələblərin II beynəlxalq mahnı müsabiqəsində iştirak üçün Bakıya gəlib.
APA-nın məlumatına görə, bu məqsədlə mətbuat konfransı və püşkatma mərasimi keçirilib.
Mətbuat konfransında çıxış edən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, 20 ölkənin nümayəndələri mayın 21 də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə layihəsi olan "Birinci ol" şüarı altında “Univision” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində iştirak etmək üçün gəliblər: "Bu müsabiqədə Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Qazaxıstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan dövlətlərinin tələbə ifaçı və münsifləri iştirak edəcək".
Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin rəsmisi Elnur Abdullayev isə müsabiqənin səsvermə prosesi barədə məlumat verib: "Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. Birinci yerin qalibi 3000, ikinci yerin qalibi 2000, üçüncü yerin qalibi 1000 Avro ilə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 Avro təşkil edir".
ATGTİ-nın sədri Şahin İsmayılov isə müsabiqənin əsas məqsədinin tələbə gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək olduğunu deyib.
Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycanı “Univision” tələbələrin II mahnı müsabiqəsinin qalibi ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edəcək. Azərbaycan öz ifasını 8-ci nömrədə təqdim edəcək.