Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 70-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, iyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 31 faizini təşkil edir. Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 19 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 62 faizini təşkil edir.
Son dörd gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 9 sm azalma, Bankədə isə suyun səviyyəsində 20 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 sm, Şirvanda 153 sm, Salyanda 95 sm, Bankədə 227 sm, Araz çayının Novruzlu məntəqəsində isə 48 sm təşkil edir.