Bank Of Baku

"Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər” mövzusunda dəyirmi masa keçirilib

"Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər” mövzusunda dəyirmi masa keçirilib
# 21 fevral 2014 08:51 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün "Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, dəyirmi masa "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilib.

 

Tədbirdə çıxış edən "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, tədbiri keçirməkdə əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirməkdir: "Son illər müvafiq dövlət qurumları tərəfindən əlillik problemi olan şəxslərin problemlərinin aradan qaldırılması və onların cəmiyyətə inteqrasiyası istiqamətində bir sıra uğurlu addımlar atılıb. Lakin həm qanunvericilik, həm də əlillik problemi olan şəxslərin cəmiyyətin bütün institutlarına inteqrasiyası ilə bağlı ciddi problemlər qalmaqdadır".

 

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İskəndər Mustafayev çıxış edib. O qeyd edib ki, hər bir insan üçün bərabər hüquqlar və imkanlarla təmin olunan cəmiyyət formalaşmalıdır: "Biz çalışırıq ki, cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı ayrıseçkilik olmasın, onlar cəmiyyətə inteqrasiyada heç bir problemlə qarşılaşmasınlar".

 

Əlillər İttifaqının sədri Davud Rəhimli isə bildirib ki, əlilliyi olan şəxslərin problemlərin aradan qaldırılması üçün hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsi aparılması vacibdir.

 

Sonda qərara gəlinib ki, əlilliyin müəyyən edilməsi və sosial problemlərinin həlli sahəsində şəffaflıq və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumlarına təqdim edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR