Bakı-APA. Bakıda Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondu və Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı (ANPED) ilə birgə keçirilən “2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” adlı seminar başa çatıb. APA-nın məlumatına görə, tədbirdə ilk sözü Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu söyləyərək, iştirakçıları bir daha salamlayıb, bir çox problem və məsələlərin müzakirəsindən sonra tədbirin sonunda ortaq "Mərkəzi Asiya və Şərqi Avropa regionunda Davamlı İnkişaf "şəbəkəsinin yaradılacağını qeyd edib.
Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı-nın (ANDEP) icraçı direktoru Leida Rijnhout müzakirələrə başlamazdan əvvəl, iştirakçılara "Minillik İnkişaf Məqsədləri" və "Dayanıqlı İnkişaf Məqsədləri" arasındakı fərqlər, yeni dayanıqlı inkişaf modelləri, yolları, ölkələr arasında var-dövlətin bölüşdürülməsi və digər məsələlər haqda ətraflı söz açıb. Bu yolda vətəndaş cəmiyyətinin iştirakının əsas rol oynadığını da bildirən Leida Rijnhout, daha sonra isə, əsasən regiondakı və müxtəlif ölkələrdəki problemlərə toxunmaq üçün tədbir iştirakçılarına söz verdi. Təşkilat və vətəndaş cəmiyyət nümayəndələri əsasən ekoloji, sosial, qida təhlükəsizliyi və dövlət tənzimləməsi haqda təkliflər irəli sürdülər. Daha sonra Beynəlxalq Avrasiya Fondunun sədri Umud Rəhimoğlu çıxış edərək, regiondakı problemlərə, xüsusən də Qarabaş münaqişəsi zonalarındakı istifadəsiz, yararsız hala düşmüş, minalanmış, eroziyaya uğramış torpaq sahələrindəki problemlərə toxunub və bu məsələlərin də tərtib olunacaq proqrama daxil edilməsini təklif edib.
Tədbirin sonunda Mərkəzi Asiya və Şərqi Avropa regionunda Davamlı İnkişaf şəbəkəsi formalaşdırılıb. Yekunda, bu cür tədbirlərin müxtəlif qlobal və yerli problemlərin davamlı həlli üçün çox vacib olması qeyd edilib.
Xatırladaq ki, bu tədbirə dünyanın 12 ölkəsindən vətəndaş cəmiyyətinin təmsilçiləri, beynəlxalq təşkilatlardan 20 nümayəndə qatılıb.