İsmayıllı. Elvin Yaqubov - APA. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyulun 23-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, nazir qəbul zamanı İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan, Qəbələ və digər rayonlardan gələn 30-a yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nazir görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə göstəriş və tapşırıqlar verib.
Müraciətlər əsasən yeni salınan qəsəbələrdə elektron ATS-lərin qurulması, internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.