Bakı. Rəşad Süleymanov – APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyada Kembric Konfransına qatılıb. Bu barədə APA-ya DTXK-dən məlumat verilib.
1928-ci ildən etibarən keçirilən bu tədbirdə dünya ölkələrinin xəritəçəkmə qurumlarının rəhbərlərinin iştirakı ilə strateji müzakirələr aparılır.
“İnformasiyaya coğrafi səlahiyyətliliyin gətirilməsi” devizi altında keçirilən builki Konfransda Birləşmiş Millətlər Təşkilatının aidiyyatı bölmələrinin rəhbərlərinin çıxışları gözlənilir. “Xəritəçəkmə və kadastr məlumatlarının iqtisadiyyatı”, “milli xəritəçəkmə və kadastr təşkilatlarının xüsusi tədbirlərdə rolu” kimi mövzular Konfransın gündəmində duran başlıca məsələlərdir. Konfransdan dərhal sonra baş tutacaq BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsi ilə birgə təşkil olunmuş sessiyanın Nazirlər Seqmentində müzakirə olunan məsələlər barədə Qərib Məmmədovun təqdimatla çıxış edəcəyi gözlənilir.
Konfrans çərçivəsində bir sıra digər tədbirlərin, o cümlədən Qlobal Xəritəçəkmə üçün Beynəlxalq Rəhbər Komitənin 20-ci iclasının keçirilməsi də planlaşdırılır.