Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bununla da ərizələrini SQK-da təsdiq etdirən abituriyentlərin ərizə qəbulu prosesi yekunlaşıb. SQK-da ərizələrin təsdiqi prosesi aprelin 15-dən başlayıb və bu gün saat 17:00-da başa çatıb.
Bu il qəbul qaydalarına edilən dəyişiklərə əsasən, ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək SQK-na müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər. Onların ərizələrinin qəbulu və təsdiqi prosesi isə bu gün gecə saat 12-də bitəcək.
Qeyd edək ki, bu gün saat 17:00-dək 2013/2014-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 102 minə yaxın abituriyent sənəd verib. Onlarda 90 mindən çoxu Azərbaycan, digərləri isə rus bölməsinin məzunlarıdır.