Səfirlikdən APA-ya verilən məlumata görə, cənab Hoqan Azərbaycanın məcburi köçkünləri haqqında məlumat almaq üçün məcburi köçkün ailələrlə görüşüb, məktəbə nəzər salıb və düşərgənin rəhbərliyi ilə görüşüb.
Görüşlər zamanı cənab Hoqan Dağlıq Qarabağ münaqişəsinin azərbaycanlı mülki şəxslərin həyatına təsiri haqqında öyrənib. “Görüşlərdən bu məsələnin azərbaycanlılar üçün nə dərəcədə ağrılı və məyusedici olduğunu öyrəndim” deyə Derek Hoqan qeyd edib ki, ABŞ səfirliyi bu məsələni həll etməyə yardım etmək üçün məcburi köçkün icmalarındakı və Azərbaycan hökumətindəki əməkdaşları ilə işləməyə hazırdır.
Səfirlikdən bildiriblər ki, ABŞ Azərbaycandakı məcburi köçkünlərə yardıma sadiq olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllində tərəflərə yardım etmək məqsədilə Minsk Qrupu ilə işləməyə davam edir.