Bank Of Baku

Abşeron yarımadasından Türkmənistana qədər 1842-2012-ci illər ərzində baş verən zəlzələlərin qanunauyğunluqları öyrənilib

Abşeron yarımadasından Türkmənistana qədər 1842-2012-ci illər ərzində baş verən zəlzələlərin qanunauyğunluqları öyrənilib
# 06 may 2013 10:32 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayev bildirib.

 

Onun sözlərinə görə, bu tədqiqatlar keçən ilin ortalarından Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov, Qulam Babayev, İtaliyanın “Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu”nun “Yer Elmləri və Ətraf Mühit” departamentinin rəhbəri, professor Luçiano Teleska tərəfindən başlanılıb. Tədqiqatlar AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR İtalyanca) arasında elmi əməkdaşlıq barədə bağlanmış müqavilə çərçivəsində “Abşeron yarımadası seysmikliyinin məkan-zaman xüsusiyyətləri və seysmik təhlükənin qiymətləndirilməsi. Seysmik riskin təyininə töhfə” mövzusu ətrafında həyata keçirilir.

 

Tədqiqat zamanı Abşeron-Pribalxan Astanasında, başqa sözlə, Abşerondan Türkmənistanın Kopetdağ ərazisinə qədər Xəzər dənizi boyunca baş verən seysmik hadisələrin ardıcıllığının dinamikası öyrənilib. Zəlzələlərin paylanma prosesini aydınlaşdırmaq və ərazinin seysmik rejiminin müxtəlif xüsusiyyətlərini aşkar etmək məqsədi ilə klaster (zəlzələlərin oxşarlığa görə qruplaşdırılması), Alan Faktor analizi və çoxölçülü qruplaşma üsulu ilə 1842-2012–ci illər arasında baş verən zəlzələlər öyrənilib. Klaster analizi və çoxölçülü qruplaşma üsulu zamanı seysmik hadisələrin qanuna uyğunluqları və güclü seysmik hadisələrin dövrləri və qarşılıqlı əlaqələri araşdırılıb. Alan Faktor analizi ilə hadisələr (1910-1938), (1949-1991) və (1995-2012) zaman intervallı və maqnitudası M≥4 olan klasterlərə ayrılıb. Müəyyən edilib ki, birinci klasterə 9, ikinci klasterə 83 və üçüncü klasterə isə 96 zəlzələ daxildir: “Klaster analizin nəticələri göstərir ki, tədqiqat ərazisində zəlzələlərin baş verməsi təsadüfi deyil, onların müəyyən kinematik və dinamik parametrlərlə xarakterizə edilən lokal və regional tektonik proseslərlə əlaqəsi var. Klaster analiz geodinamiki nöqteyi-nəzərindən Abşeron – Pribalxan seysmik aktiv zonasının nadir olduğunu təsdiq edib. Belə ki, maqnitudu 4 baldan yuxarı olan seysmik hadisələrin təsadüfi paylanması ilə yanaşı, bu zonada təsadüfi olmayan əlaqə və periodiklik müşahidə olunur. Deməli, regionda zəlzələlərin bir hissəsi təsadüfi olmayıb müəyyən kinematik və dinamik xarakteristikaları olan proseslərlə zəlzələlərin ardıcıllığı arasında və bu zəlzələlərin öz aralarında asılılıq mövcuddur. Nəticələr yüksək impakt faktoru olan “Natural Hazards and Earthquake Systems Science (NHESS)” xarici elmi jurnalda çap edilib”.

 

Qeyd edək ki, mayın 15-də AMEA Rəyasət Heyətində “Abşeron-Pribalxan zonasında 1842-2012-ci illər arasında baş verən seysmik hadisələrin klaster analizi” mövzusuna həsr olunmuş məruzə dinləniləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR