Bank Of Baku

ADU-da yay semestri təşkil olunub - FOTO

ADU-da yay semestri təşkil olunub  - <span style="color: red;">FOTO
# 15 iyul 2013 09:16 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetində tələbələr üçün yay semestri təşkil olunub.

 

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin rektoru, professor Səməd Seyidov ADU-da 2012-2013-cü tədris ilinin yay semestrinin təşkili və idarə olunması haqqında 22 iyun 2013-cü il tarixində 72 saylı əmr imzalayıb.

 

Əmrdə deyilir ki, yay semestri 6 tədris həftəsindən və 1 həftə imtahan sessiyasından ibarət olmaqla 8 iyul 2013-cü il tarixindən 24 avqust 2013-cü il tarixinədək keçirilsin. Əmrə əsasən, İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Seyidova 2012-2013-cü tədris ilinin yay semestrinin rəhbəri təyin olunub. Yay semestrinin müvafiq qaydalara uyğun təşkil olunması, tədrisin keyfiyyətinə nəzarət, tədris olunan fənlər üzrə imtahanların keçirilməsi və bu zaman şəffaflığın, obyektivliyin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi ona həvalə edilib.

 

İyulun 8-dən etibarən fəaliyyətə başlayan yay semestrində tələbələr təhsil aldıqları müddətdə kəsildikləri fənlərdən imtahan verərək tədris illərini zamanında bitirmək şansı əldə edirlər. Yay semestrinin rəhbəri Sevinc Seyidovanın verdiyi məlumata əsasən, yay semestrində dərslər ümumilikdə 32 fənn üzrə aparılır. Fənləri tədris etmək üçün universitetin 28 nəfər peşəkar müəllimləri yay semestrinə cəlb olunub. Sevinc Seyidova yay semestrinin qısa vaxt çərçivəsində tələbələrə maksimal dərəcədə bilik vermək və imtahanlardan uğurla keçmək üçün onları yüksək səviyyəli dərs proqramı ilə təmin etmək məqsədi daşıdığını dedi. Ümumilikdə 328 nəfər tələbənin iştirak etdiyi yay semestrinin artıq bir həftəsini geridə qoyduqlarını söyləyən rəhbər bu prosesin gərgin olmasına baxmayaraq, tələbə və müəllimlərin dərsə davamiyyətindən razılığını bildirib.

 

Yay semestrində universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi üzrə 154, Pedaqoji fakültə üzrə 85, Filologiya və Jurnalistika fakültəsi üzrə 79 və Tərcümə fakültəsi üzrə isə 10 nəfər tələbə təhsil alacaq.

 

Qeyd edək ki, yay semestrinin fəaliyyətə başlamasından öncə rəhbərlik kəsiri olan tələbələrlə yay məktəbindən nə gözlədikləri, kəsirin yaranma səbəbləri haqqında sorğu keçiriblər. Sonra sorğunun nəticələrinə əsasən müəllimlərlə müzakirələr aparılıb və proses nəticələrə uyğun olaraq formalaşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR