Bakı. Cavid Zeynalov – APA. Ağcabədi, Cəlilabad və Qəbələdə qədim yaşayış məskənləri aşkarlanıb. APA-nın məlumatına görə, Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığındakı Qalatəpədə eramızdan əvvəl II əsrdən bizim eranın II əsrinə qədər olan dövrə aid 9 metr dərinliyində mədəni təbəqə - çiy kərpicdən tikilmiş divar, sahəsi 56 kvadratmetr olan bina, dəhliz və küçə tapılıb.
Qalatəpə şəhər yerinin yaxınlığındakı nekropolda aparılan qazıntılar zamanı aşkarlanan küp qəbirlərdən əldə olunan materialların əksəriyyəti Ellinizm mədəniyyəti ilə bağlıdır. Bu tapıntılar antik dövr Alban şəhərinin mədəni-mənəvi həyatını daha ətraflı öyrənməyə imkan verir. Avqustun 16-dan Qalatəpədə 2-ci qazıntı sahəsində tədqiqatlara başlanılıb. Arxeoloji tədqiqatlar sentyabrın sonunadək davam edəcək.
Qəbələ şəhərinin ərazisində də yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. Qəbələ şəhərinin I-IX əsrlərə aid ərazisi olan Səlbirin bir neçə ərazisində tədqiqatlar aparılıb. Qazıntılar nəticəsində şəhərin müdafiə ehkamlarının bəzi hissələri, müxtəlif növ tikililər, qəbirlər, saxsı qablar, bəzək əşyaları aşkarlanıb. Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərinin ərazisində arxeoloji qazıntılar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılır.
Cəlilabadda arxeoloji qazıntılar zamanı isə qədim yaşayış məskənləri aşkarlanıb. Qazıntılar rayonun Üçtəpə kəndindəki qədim yaşayış məskəni olmuş Polutədə aparılıb. Arxeoloji tədqiqatlardan məlum olub ki, rayonun ərazisində eradan əvvəl neolit dövründə yaşamış yerli tayfalar əkinçilik, maldarlıq və sənətkarlıqla geniş məşğul olublar. Polutəpə yaşayış məskənində müxtəlif saxsı qablar, məişət əşyaları, həmçinin 3 insan məzarı aşkar olunub. Qazıntılar zamanı silah anbarı da tapılıb.