Bakı. Könül Kamilqızı - APA. Sabah Azərbaycanda respublikanın 11 şəhərində ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, hazırda həm komissiya, həm də Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə Xüsusi Dövlət Mühafizə Xidməti qəbul imtahanları keçiriləcək binalara baxış keçirirlər. Bu gün ərzində baxış prosesi davam edəcək. Yoxlamalar tam başa çatdıqdan sonra imtahan binaları mühafizəyə götürüləcək.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçiriləcək. 2013-cü ildə III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan, 2163 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini isə qızlar təşkil edir. 15622 nəfər orta ümumtəhsil məktəblərinin builki, 10715 nəfər əvvəlki illərin məzunudur.