Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaşlı alimləri pulsuz tibbi müayinədən keçə biləcəklər. Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib.
Onun sözlərinə görə, artıq bununla əlaqədar ölkədəki bəzi klinikalarla danışıqlar aparılıb: “Hələlik buna nail olmuşuq ki, AMEA-nın həqiqi və müxbir üzvləri, Rəyasət Heyətinin yaşlı alimləri pulsuz və güzəştli şərtlərlə müayinə oluna biləcəklər. Artıq Mərkəzi Neftçilər Xəstəxanası və Azərbaycan Tibb Universitetinin klinikası ilə belə müqavilələr bağlanıb”.
M.Kərimov deyib ki, hələlik bütün AMEA alimlərinin pulsuz müayinədən keçməsi mümkün deyil: “AMEA əməkdaşlarının sayı təxminən 10 min nəfərə yaxındır. Ona görə də onların hamısının tibbi müayinədən keçirilməsindən danışmaq hələ tezdir. Ümumilikdə Akademiya əməkdaşlarının təxminən 30-40 faizini yaşlı insanlar təşkil edir. AMEA alimləri pullu xidmətlərdən istifadə edəcək qədər varlı insanlar deyil. Onlar üçün hansısa güzəşt və imtiyazlar olmalıdır. Hələlik bununla əlaqədar Səhiyyə Nazirliyinə rəsmi müraciət etməmişik. Bu o qədər də sadə məsələ deyil. Ancaq AMEA-nın həmkarlar ittifaqı bununla əlaqədar iş aparır”.
AMEA prezidenti deyib ki, Akademiyanın alimləri arasında təzyiq, ürək-damar xəstəlikləri daha çoxdur.